0:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Cəzaçəkmə müəssisələrində hüquqi maarifləndirilmə tədbirləri davam etdirilir.
 
Dekabr ayının 13-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Ombudsman təsisatının əməkdaşları Asiman Abbasov, Mətin Quluzadə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumlar və müəssisənin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirildiyini, bu kimi tədbirlərin məhkumların islah olunmasında, o cümlədən onların və müəssisə əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırmışdır. 
Daha sonra tədbirdə Ombudsmanın əməkdaşı Mətin Quluzadə penitensiar müəssisələrdə məhkumların əməyə cəlb edilməsinin qanunvericilik əsasları haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, məhkumların əməyi Azərbaycan Respublikasının Cəzaların İcrası və Əmək Məcəllələri ilə tənzimlənir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 95.1-ci maddəsində qeyd olunur ki, hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. 
Qeyd olunmuşdur ki, məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Məhkumların əməyindən istifadə edilməsinə icazə verilməyən işlərin siyahısı isə cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
Daha sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində də hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir. Tədbirdə Ombudsmanın əməkdaşı Mətin Quluzadə məhkumların islah edilməsi və onun əsas vasitələri barədə danışmışdır. 
Mətin Quluzadə qeyd etmişdir ki, Cəzaların İcrası Məcəlləsinin əsas məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Cəzaların icrası zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün məhkumlara islah edilmə vasitələri tətbiq edilir. 
Məruzəçi əlavə etmişdir ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəllənin 8-ci maddəsində məhkumların islah edilməsi və onun əsas vasitələri öz əksini tapmışdır. Məhkumların islah edilməsi dedikdə, onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, əməyə, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər. Onlar Cəzaların İcrası Məcəlləsinin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməli, cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməli, cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalıdırlar.
Sonda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşları tərəfindən cavablandırılmışdır.
 
13.12.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).