6:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilmişdir.
 
Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verərək demişdir ki, tikinti işləri "Cahan İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti və Almaniyanın "Bioworks" şirkəti tərəfindən həyata keçirilib. Almaniya və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılan təmizləyici qurğular sistemi gün ərzində 2800 kubmetr çirkab su təmizləmək gücünə malikdir. İri tullantı və qumtutucu qurğu binasından, hovuzlardan, mexaniki filtirli təmizləyici qurğudan, palçıqqurutma qurğusundan, idarəetmə və kompressor binalarından ibarət olan sistemin hovuzlarının tutumu 7200 kubmetrdir. 
Təmizləyici qurğu 3 mərhələli - fiziki, bioloji və mexaniki filtirli təmizləmə sistemlərindən ibarətdir. Daxil olan su əvvəlcə fiziki təmizlənir və 1 millimetrdən böyük olan tullantılar kənarlaşdırılır. Sonra su bioloji təmizləmədən keçirilir. Bu zaman hovuzlara oksigen vurulur və lil çökdürülür. İkinci mərhələ də başa çatdıqdan sonra su mexaniki filtirlərdə 10 mikrona qədər təmizlənir və təsərrüfat suyu kimi Naxçıvançaya axıdılır. Lilçökdürücü hovuzdan nasoslar vasitəsilə çənlərə vurulan lil lilqurutma qurğusunda tam susuzlaşdırıldıqdan sonra ərazidən daşınır.
 
 
"Bioworks" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Yusif Məmmədli çıxış edərək demişdir ki, təmsil etdiyi şirkət tərəfindən dünyanın 22 ölkəsində 150-dən çox layihə həyata keçirilib. Şahbuz şəhərində istifadəyə verilən təmizləyici qurğu "Bioworks" şirkətinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ikinci layihədir. Tikinti işləri aparılarkən şirkət tərəfindən ən son yeniliklər tətbiq olunmuşdur ki, bu da istismar və xidmət xərclərini minimuma endirmişdir. Muxtar respublikada bütün sahələrdə həyata keçirilən kompleks infrastruktur tədbirləri, xüsusilə də yerli mütəxəssislərin yeni texnologiyaları peşəkarcasına mənimsəməsi "Bioworks" şirkəti tərəfindən məmnunluqla qarşılanır və təqdir olunur. Yusif Məmmədli yaradılan şəraitə və uğurlu əməkdaşlığa görə "Bioworks" şirkəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada ikinci mühüm təmizləyici qurğular sisteminin istifadəyə verildiyini bildirmiş, bu işdə əməyi olanlara təşəkkür edərək demişdir: Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ölkəmizdə, eyni zamanda muxtar respublikada rayon və şəhər mərkəzlərinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Ölkəmizdə bu sahədə görülən işlər mühüm əhəmiyyətə malikdir. Çünki insanların dünya səhiyyə standartlarına uyğun içməli su ilə təminatı və yaşayış məntəqələrində kanalizasiya sistemlərinin qurulması hər bir ölkənin əsas inkişaf göstəricilərindən hesab olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin 40 faizdən çoxu beynəlxalq standartların tələblərinə uyğun içməli su ilə təmin olunur və bu sahədə görülən işlər davam etdirilir. Artıq bir neçə ildən sonra muxtar respublikanın bütün şəhər və rayon mərkəzləri, ətraf kəndləri tamamilə təmiz içməli su və kanalizasiya sistemi ilə təmin olunacaqdır. 
Ali Məclisin Sədri demişdir: Ölkə Prezidentinin iştirakı ilə muxtar respublikada içməli su və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışı olmuşdur. Bu gün istifadəyə verilən Şahbuz şəhər təmizləyici qurğular sisteminin qurulmasına 10 milyon manatdan artıq vəsait sərf olunmuşdur. Şahbuz şəhərində bu sistemin qurulması vacib idi. Çünki bir ərazi abadlaşdırılarkən digər ərazinin korlanmasına yol vermək olmazdı. Təmizləyici qurğunun istifadəyə verilməsi 100 milyon kubmetr həcmi olan Heydər Əliyev Su Anbarının çirklənməsinin qarşısını alacaqdır. Eyni zamanda su anbarında balıqçılığın inkişafı üçün problemlər yaranmayacaqdır.
Ali Məclisin Sədri demişdir: Şəhərlərdə abadlığın və təmizliyin ən mühüm şərti müasir içməli su və kanalizasiya sistemlərinin qurulmasıdır. Şahbuz şəhərində bu tədbirlər uğurla həyata keçirilib, içməli su və kanalizasiya sistemləri çəkilib. Bu gün isə təmizləyici qurğu istifadəyə verildi. Təmizləyici qurğu özünü doğruldacaq, təmizlənmiş su təkrar emala qayıdacaq, təsərrüfat suyu kimi ətraf ərazilərin yaşıllaşdırılmasında və əkin sahələrinin suvarılmasında istifadə olunacaqdır. Görülən işlər dövlət vəsaiti hesabına həyata keçirilib. Ona görə də qurulanlardan səmərəli istifadə olunmalıdır. Çünki bu gün 15 minə yaxın əhaliyə xidmət göstərən yeni sistem gələcəkdə əhali artımı da nəzərə almaqla uzun illər istismar olunacaqdır. Gələcəkdə muxtar respublikanın digər rayon mərkəzlərində də bu layihələr həyata keçiriləcəkdir.
Ali Məclisin Sədri təmizləyici qurğunun istifadəyə verilməsi münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik etmişdir.
Şahbuz şəhər sakini Tamleyxa Cəbiyev çıxış edərək demişdir: Ulu öndərimizin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını yüksək tərəqqi və inkişaf mərhələsinə yüksəldib. Bu gün muxtar respublikanın hər yerində, o cümlədən Şahbuz rayonunda geniş quruculuq işləri aparılır. Bir vaxtlar uçuq-sökük binaları ilə kəndi xatırladan Şahbuz qəsəbəsi bu gün müasir infrastruktura malik olan şəhərdir. 2007-ci ildə Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, 2013-cü ildə şəhərin ərazisi genişləndirilmişdir. Şahbuz şəhəri bu gün böyük tikinti meydançasına çevrilib. Hazırda şəhərdə mədəniyyət sarayının, aviakassanın və çoxmərtəbəli yaşayış binasının tikintisi aparılır. Həyata keçirilən infrastruktur layihələri, xüsusilə içməli su və kanalizasiya sistemlərinin qurulması rayon əhalisinə göstərilən qayğının daha bir ifadəsidir. Bu gün təmizləyici qurğunun istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Mövcud olduğu 90 il ərzində heç vaxt Şahbuz rayonuna bu qədər diqqət və qayğı göstərilməmişdir. Tamleyxa Cəbiyev yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq etmişdir. 
 
 
Sonra açılışı bildirən lent kəsilmişdir. 
İdarəetmə binasında işçilər üçün lazımi şərait yaradılmış, laboratoriya, idarəetmə otağı və yeməkxana istifadəyə verilmişdir. Bildirilmişdir ki, iş prosesinə mərkəzdən nəzarət edilir və kompüter vasitəsilə idarə olunur. İdarəetmə otağında təmizləyici qurğunun iş prosesini əks etdirən videoçarx nümayiş olunmuşdur. 
Qurğunun yerləşdiyi sahənin sel sularından qorunması məqsədilə 220 metr istinad divarı tikilmiş, həmçinin qrunt sularının kənarlaşdırılması üçün 180 metr drenaj xətti çəkilmişdir. 
Ali Məclisin Sədri Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində və təmizləyici qurğunun ətrafında aparılacaq yaşıllaşdırma tədbirlərinin layihəsinə baxmış, təmizlənmiş təsərrüfat suyundan səmərəli istifadə olunması və ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.
 
                    18.12.2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).