8:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan teatrında Hüseyn Cavidin "Xəyyam" dramı tamaşaya qoyulmuşdur. 
 
Dekabrın 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramatruqu Hüseyn Cavidin "Xəyyam" dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olmuşdur. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxmışdır. 
 
 
Görkəmli filosof-şair, dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə yeni mərhələnin - mənzum dramın əsasını qoymuşdur. Şərq klassik poeziyasının dahilərindən olan şair-mütəfəkkir Ömər Xəyyamın həyatından bəhs edən "Xəyyam" dramı da ədibin dəyərli yaradıcılıq nümunələrindəndir. Naxçıvan teatrında ilk dəfə səhnələşdirilən tamaşada ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq haqqında fəlsəfi düşüncələri tamaşaçıya çatdırılmışdır. Tamaşada Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam, ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, Səlcuqlar sülaləsinin hökmdarı Alp Arslan və oğlu Məlikşah Cəlaləddinin də bədii obrazları yaradılmışdır. 
Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Aktyorlardan Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, Ələsgər Quliyev, Həsən Ağasoy və başqaları obrazların dili ilə əsərin uğurlu səhnə həllinə nail ola bilmişlər.Tamaşada böyük şair və mütəfəkkir Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələn romantik qəhrəman canlandırılmışdır. Xəyyamın həyat eşqi və yaradıcılığı sənətkar və cəmiyyət probleminə münasibətin ifadəsinə çevrilərək tamaşaçılarda müsbət duyğular oyatmışdır. 
Bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparan, ən böyük xoşbəxtliyin yüksək təhsil və mədəniyyətə çatmaqla mümkün olduğunu qeyd edən böyük mütəfəkkir Hüseyn Cavidin "Xəyyam" pyesinin qəhrəmanları da bu ideyaların daşıyıcısı kimi tamaşanın uğurlu səhnə həllinə nail olmuşlar. Romantik pafos və mütləq həqiqətə çatmağa göstərilən cəhd tamaşanın ədəbi-bədii məramını səciyyələndirən başlıca cəhət kimi ön plana çıxmışdır. 
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşmüşdür. 
Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək demişdir: Naxçıvan teatrında çox dəyərli əsərlər tamaşaya qoyulmuşdur. Bu gün təqdim olunan "Xəyyam" tamaşası da uğurlu alınmışdır. Fəlsəfi dram əsərlərinin səhnəyə qoyulması üçün rejissor işi və aktyor sənəti mühüm amildir. "Xəyyam" tamaşasında da uğurlu və yaradıcı rejissor işi və aktyor sənəti vardır. Aktyorların çox hissəsinin gənc olmasına baxmayaraq səhnədə bunu hiss etmək mümkün deyildi. Rollar məharətlə ifa olunurdu. Bütün bunlar istedadla yanaşı, həm də sənətə olan sevginin nəticəsidir. 
Ali Məclisin Sədri demişdir: Hüseyn Cavidin əsərləri həyat fəlsəfəsi üzərində qurulubdur. "Xəyyam" dramı da o dövr Şərqinin həyatını əks etdirir. Hüseyn Cavid əsərdə o dövrə xas olan eyş-işrət və xurafatın əksinə olaraq ən böyük həyat amalına elm və mədəniyyətlə çatmağın yolunu göstərmişdir. Tamaşada bu amillər ustalıqla çatdırılırdı. 
Ali Məclisin Sədri yaradıcı kollektivə bir daha təşəkkürünü bildirmiş, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik etmişdir. 
Tamaşanın rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov Naxçıvan teatrının inkişafının göstərilən qayğının və diqqətin nəticəsində mümkün olduğunu bildirmiş, muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş və qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırmışdır. 
Sonra xatirə şəkli çəkdirilmişdir. 
 
 
 
                              24.12.2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).