12:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman təsisatında 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
 
Yanvarın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
 
 
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2018-ci ildə görülmüş işlər barədə geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, bütün sahələrdə müasir çağırışlara əsaslanan yeni üsul və sistemlərin tətbiqi, habelə dövlət orqanlarının fəaliyyətinin davamlı təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə geniş imkanlar yaratmışdır. Muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2018-ci ildə də davam etdirilmiş, Müvəkkil bu sahədə fəaliyyətini daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirmişdir.
2018-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 70 müraciətin daxil olduğunu diqqətə çatdıran Ülkər Bayramova bildirmişdir ki, müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan müraciətlər cavablandırılmışdır.
Məruzəçi vurğulamışdır ki, 2018-ci ildə də Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb edən hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi, maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir. Belə ki, ötən il ərzində Müvəkkil təsisatı tərəfindən, ümumilikdə insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müxtəlif sosial qruplara ünvanlanmış 74 tədbir keçirilmiş, habelə hüquqi maarifləndirici vəsaitlər təqdim edilmişdir. 
Ötən il ərzində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada təbliği və öyrənilməsi həyata keçirilmiş, proqramın icrası təmin edilmişdir. 
Ombudsman Ülkər Bayramova çıxışında bildirmişdir ki, 2018-ci ildə Müvəkkilin Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 80 başçəkmə həyata keçirilmiş, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə keçirilən maarifləndirmə tədbirlərində 1300 nəfər iştirak etmişdir. 
Məruzəçi qeyd etmişdir ki, 2018-ci ildə informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılmış, Müvəkkil və təsisatın insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği işi ardıcıl davam etdirilmiş, informasiyalar mütəmadi olaraq yenilənmiş, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Qeyd olunmuşdur ki, Müvəkkilin 2018-ci ildə fəaliyyəti ilə bağlı təsisatın rəsmi internet saytı və kütləvi informasiya vasitələrində 124, həmçinin muxtar respublikanın müasir inkişafı, tarixi-mədəni irsi, turizm potensialının təbliği ilə bağlı 128 informasiya materialı Müvəkkilin rəsmi internet səhifəsində işıqlandırılmışdır. Ümumilikdə isə ötən il ərzində 252 informasiya materialı Müvəkkilin rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. 
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, 2019-cu ildə də Müvəkkil təsisatı müvafiq sahələr üzrə fəaliyyətini davam etdirərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübənin daha da inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. 
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üçün iş planı təsdiq edilmişdir.
Yığıncağa Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.
 
 
 
     11/01/2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).