19:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi - müasir Azərbaycan kəndləri.
 
Ordubad rayonunun Dəstə kəndində kompleks quruculuq işləri görülüb.
 
Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri mövcud inkişaf, tərəqqi və sabitliyin bəhrəsidir. Əhalinin rahat yaşayışının təmin olunması sahəsində həyata keçirilən tədbirlərin və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. İkinci dəfə ölkəmizin investisiya reytinqinin lideri olan muxtar respublikanın yaşayış məntəqələri müasir infrastrukturu ilə seçilir. Ordubad rayonunun Dəstə kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Kənddə geniş quruculuq işlər aparılmış, yollar yenidən qurulmuş, məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilmiş, sakinlərin rahat və firavan həyatı təmin olunmuşdur.
 
2019-cu ildə ilk məktəb binası Dəstə kəndində istifadəyə verildi.
 
Yanvarın 14-də Dəstə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 
Qeyd olunmuşdur ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla 49 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana, idman zalı və bufet vardır.
 
 
2018-2019-cu tədris ilində Dəstə kənd tam orta məktəbində birinci sinfə 51 şagird qəbul olunub. Son 5 ildə məktəbin 6 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. 
Məktəbdə zəngin kitabxana fondu yaradılmışdır. Burada 13 min 641 kitab vardır ki, onların da 7187-si dərslik və 6454-ü bədii ədəbiyyatdır. Ölkə və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət güşə şagirdlər üçün geniş mütaliə imkanları açır.
Məktəbdə quraşdırılan müasir elektron lövhələr və 63 kompüter tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə, distant təhsilin tətbiqinə, eləcə də muzeylərlə interaktiv əlaqələrin qurulmasına imkan verir. Baxış zamanı Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi ilə 224 təhsil müəssisəsi arasında keçirilən distant dərs izlənilmişdir. Distant dərsdə görkəmli Azərbaycan ədibləri, xüsusilə də İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilmişdir. 
 
 
Şagirdlərin məntiqi düşünmə qabiliyyətinin formalaşmasında və təfəkkürünün inkişafında şahmat əvəzsiz vasitədir. Muxtar respublikada şahmatın tədrisi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dəstə kənd tam orta məktəbində də 2 şahmat sinfi yaradılmış və lazımi avadanlıqlar qoyulmuşdur. Bildirilmişdir ki, məktəbin şagirdi Elçin Rzayev ölkə və beynəlxalq şahmat yarışlarında uğurlu nəticələr göstərir. 
 
 
Ali Məclisin Sədri dəqiq elmlərin, çağrışaqədərki hazırlıq, şahmat və fiziki tərbiyə dərslərinin tədrisinə diqqətin artırılması, məktəbdə idman yarışlarının keçirilməsi, hərbi-vətənpərvərlik təbiyəsinin düzgün təşkili və yaradılan şəraitdən səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.
 
 
Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüşdür.
 
 
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təhsil müəssisələrində elektron təhsilin təşkili, interaktiv və nümunəvi dərslərin keçirilməsi şagirdlərin biliklərinin artırılmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Yaradılan yüksək tədris şəraitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunların ali məktəblərə qəbulunda ilbəil artım müşahidə olunmuş, təkcə ötən tədris ilində 331 məzun 500-700 arası nəticə göstərmiş, onlardan 6-sı Prezident təqaüdünə layiq görülmüşdür. Gənc müəllimlərin işlə təminatı da diqqətdə saxlanılır. 2018-ci ildə ali məktəblərə qəbul olan 658 məzunun pedaqoji profilli ixtisas seçməsi bunun əyani ifadəsidir. 2018-ci ildə muxtar respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqələrdə müvəffəqiyyət qazanan 119 gənc müəllim işlə təmin edilmişdir. Dəstə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Son 5 ildə məktəbin məzunlarından 44-ü ali, 5-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, onlardan 15-i 500-700 arası bal toplamışdır. Məzunlardan 23-ü hazırda ali məktəblərin pedaqoji ixtisaslarında təhsil alır ki, bu da gələcəkdə Dəstə kənd tam orta məktəbinin müəllim kadrlara olan tələbatının ödənilməsinə öz müsbət təsirini göstərəcəkdir. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Gənc müəllim Aynurə Musayeva çıxış edərək demişdir: 1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən elan etmişdiniz ki, təhsilə daim üstün istiqamət verəcəksiniz. İndi muxtar respublikamızda təhsilin səviyyəsi göz qabağındadır. Zəngin maddi-texniki bazaya və müasir tədris şəraitinə malik təhsil müəssisələrinin sayı ilbəil artmaqdadır. Məktəblərimiz ən müasir kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin olunub. Əvvəllər xəyal olan distant təhsil indi reallıqdır. Dəstə kənd tam orta məktəbində yaratdığınız şərait şagirdlərimizin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Muxtar respublikada müəllimlərə böyük qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, 2018-ci ildə gənc müəllimlərin işlə təmin olunması ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə əldə etmiş müəllimlər orta məktəblərdə işlə təmin olunmuşlar. Yüksək nəticə göstərən müəllimlərdən biri kimi mən də ingilis dili fənni üzrə 71 bal toplayaraq Ordubad rayon Dəstə kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. Aynurə Musayeva Dəstə kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dəstə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün ölkəmizdə təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ona görə ki, təhsil ölkənin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: "Təhsil müstəqil dövlətin təməlidir". Çünki hər bir ölkənin idarə olunmasında, inkişafında təhsilli və vətənpərvər gənclərə ehtiyac vardır. Həmin gənclər isə məktəblərdə hazırlanır. Bu gün ölkə Prezidenti də təhsili himayə edir, bu sahənin inkişafına hərtərəfli qayğı göstərir, müasir tədrisin tələblərinə uyğun məktəblərin qurulması üçün dövlət büdcəsindən lazımi vəsait ayrılır. Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir, istər şəhər, istərsə də ucqar dağ kəndlərindəki məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulur. 
Ali Məclisin Sədri demişdir: Müasir məktəblərdə təhsil alan gənclər özlərini gələcəyə hazırlamalı, peşə seçməli, vətənpərvər böyüməli, bilik və dünyagörüşlərini artırmalıdır. Bunlar isə müəllimlər tərəfindən həyata keçirilir. Ona görə də müəllim əməyinə ölkəmizdə yüksək qiymət verilir. Son illər ali məktəblərə qəbul olanların çox hissəsinin müəllim peşəsini seçməsi də bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir. Məktəblərdə yaradılan şərait, təhsilə göstərilən diqqət və müəllim əməyinə verilən qiymət isə bu sahənin inkişafına səbəb olmuşdur. Hər il muxtar respublikada ali, orta ixtisas və peşə məktəblərinə qəbul olan, yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən şagirdlərin sayının artması təhsilin inkişafının göstəricisidir. 
Qeyd olunmuşdur ki, Dəstə kənd tam orta məktəbinin nailiyyətləri də qənaətləndiricidir. Son beş ilin nailiyyətlərinin təhlili göstərir ki, hər il ali məktəblərə qəbul olan və yüksək bal toplayan şagirdlərin sayında artım vardır. Bu da müəllim əməyinin və şagird çalışqanlığının nəticəsində mümkün olmuşdur.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş və gələcək tədrisdə uğurlar arzulamışdır. 
Binanın həyətində fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır.
 
Dəstə Kənd Mərkəzinin açılışı olmuşdur. 
 
Yanvarın 14-də Dəstə Kənd Mərkəzinin açılışı olmuşdur. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır. 
Bildirilmişdir ki, 2 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 8453 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika otağı və 58 yerlik zal yerləşir. 
 
 
Dəstə kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür. Kənddə maldarlıq və heyvandarlıqla yanaşı, əkinçilik də inkişaf etdirilir. Bu ilin məhsulu üçün 285 hektar sahədə taxıl əkilib. Dəstə kəndi xüsusilə faraş tərəvəzçilik və meyvəçilik sahəsi üzrə ixtisaslaşıb. Ötən il kənddə 3 yeni limonçuluq təsərrüfatı yaradılmışdır. 
Yeni Azərbaycan Partiyası Dəstə kənd ərazi ilk təşkilatının sədri Tofiq Babayev kənd ictimaiyyəti adınadan minnətdarlıq etmişdir. Bildirilmişdir ki, ərazi ilk təşkilatının 459 üzvü vardır ki, onların da 102-si gənc, 156-sı isə qadındır. Rabitə evində poçt bölməsi yaradılmış, bu sahə üzrə göstərilən xidmətlərin səviyyəsi yüksəldilmişdir. Burada yeni nəsil texnologiyalara əsaslanan 704 nömrə tutumlu ATS quraşdırılmış, genişzolaqlı internetə çıxış imkanı yaradılmışdır. Hazırda Dəstə kəndində 518 telefon və 370 internet istifadəçisi vardır.
 
 
Həyətdə abadlıq işləri aparılmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.
 
Həkim ambulatoriyasında müasir səhiyyə xidməti göstəriləcək .
 
Muxtar respublikada müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.
Yanvarın 14-də Dəstə kəndində həkim ambulatoriyasının açılışı olmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ambulatoriya 11 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, fizioterapevtik kabinə, doğuş, peyvənd, mama, manipulyasiya, qeydiyyat, tibb bacısı otaqları və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Fizioterapevtik kabinəyə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası vardır. Bildirilmişdir ki, ötən il Dəstə kəndində 46 uşaq doğulmuşdur.
 
 
Ambulatoriyanın baş həkimi, Azərbaycan Respublikasının "Əməkdar həkim"i Xırdaxanım Ağayeva kəndə tibbi xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 
Ali Məclisin Sədri tibbi profilaktikaya və maarifləndirmə işlərinə diqqətin artırılması, eləcə də rayon mərkəzi xəstəxanası ilə ambulatoriyalar arasında əlaqələrin gücləndirilməsi barədə tapşırıqlar vermişdir. 
Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri görülüb.
 
Dəstə kənd yolu yenidən qurulmuşdur. 
 
Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində Dəstə kənd avtomobil yolu da yenidən qurulmuşdur.
Yanvarın 14-də avtomobil yolunun açılışı olmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə inkişaf vardır. Bu inkişaf və tərəqqindən hər bir yaşayış məntəqəsinə pay düşmüşdür. Dəstə kəndini buna nümunə göstərə bilərik. Kənddə geniş quruculuq işləri aparılmış, müasir məktəb, kənd mərkəzi, lazımi tibbi avadanlıqlarla təmin olunmuş həkim ambulatoriyası, rahat yol, xidmət mərkəzi tikilmiş, içməli su xətti çəkilmiş, abadlıq işləri aparılmışdır. Həmçinin kənd tamamilə qazlaşdırılmış, mənzillər telefonlaşdırılmış, elektrik enerjisinin daimi verilişi təmin edilmişdir. Hazırda kənddə 370 internet istifadəçisi vardır. Yaradılan bu şərait sakinlərin rahat yaşayışına xidmət etməklə yanaşı, həm də bir kəndin timsalında ölkəmizin inkişafının göstəricisidir. Kəndin bundan sonrakı inkişafı, qurulanların qorunması isə sakinlərin və burada fəaliyyət göstərən dövlət təşkilatlarının üzərinə düşən vəzifədir. Kənddə təsərrüfatlar genişləndirilməli, meyvə bağları salınmalı, yaşıllıqlar artırılmalıdır. 
Ali Məclisin Sədri yeni ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsinin Dəstə kəndi olduğunu bildirmiş, bu münasibətlə sakinləri bir daha təbrik etmiş, onlara cansağlığı və firavan həyat arzulamışdır.
Kənd ağsaqqalı Əliqulu Əsgərov Dəstə kənd ağsaqqaları, din xadimləri və sakinləri adından minnətdarlıq edərək demişdir: Bu gün Ali Məclisin Sədri ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirirərək doğma Naxçıvanımızı abadlaşdırıb. Dəstə kəndi də öz abadlığı və müasirliyi ilə seçilir. 15-20 il bundan əvvəl Naxçıvanda olanlar artıq muxtar respublikanı tanıya bilmirlər. Çünki geniş quruculuq işləri aparılıb, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən gözəl güşələrindən birinə çevrilib. Naxçıvan şəhərindən rayon mərkəzlərinə və dağ kəndlərinə çəkilən müasir yollar, tikilən məktəblər, kənd və xidmət mərkəzləri, ambulatoriyalar inkişafın, tərəqqinin bəhrəsidir. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, "Ordubad Azərbaycanın incisdir". Bu gün aparılan quruculuq işləri Ordubadın simasını tamamilə dəyişib, Dəstə kəndini isə Ordubadın incisinə çevirib. Kənd məktəbinin binası universitetə bənzəyir. Bütün bu işlər ölkə Prezidenti cənab İlham Əliyevin yaratdığı əmin-amanlığın, sabitliyin və inkişafın nəticəsində mümkün olub. Dövlət başçısının Sərəncamı ilə Culfa-Ordubad yolunun yenidən qurulması sakinlərin böyük fərəhinə və sevincinə səbəb olub. Bu tikilənlərin hamısı könülləri oxşayır. Dəstə kənd sakinləri hər zaman ulu öndərimizin ideyalarını uğurla davam etdirən ölkə Prezidenti ilə birlikdədir.
Əliqulu Əsgərov Ali Məclisin Sədrinə ad günü münasibətilə təbriklərini çatdırmışdır. 
Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirmişdir. 
 
 
Sakinlərlə görüşdən sonra yolda aparılan yenidənqurma işləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 5,5 kilometrlik kənd yolu genişləndirilərək asfalt örtük salınmışdır. Yolun üzərində yol hərəkət nişanları qoyulmuş, 255 su keçidi və 4620 metrlik beton kanal çəkilmiş, 22 kilometrdən çox kənddaxili yol hamarlanaraq qum-çınqıl qatı verilmişdir.
 
Dəstə kəndində yeni xidmət mərkəzi fəaliyyətə başlayıb.
 
Dəstə kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilmişdir. 
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmişdir.
 
 
Bildirilmişdir ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları vardır. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, xüsusilə ailə təsərrüfatı məhsullarının satışı təşkil olunmuşdur. Mərkəzdə 7 nəfər işlə təmin olunmuşdur.
 
 
Həyətdə abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi çəkilmişdir.
 
        ***
Dəstə kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 5400 metr yeni içməli su xətti çəkilmiş, kənddaxili məhəllələrdə 20 bulaq, suvarma suyunu tənzimləmək üçün 2 hovuz tikilmişdir. Kəndi suvarma suyu ilə təmin edən "Dəstə-2" nasos stansiyasının 250 metrlik təzyiqli boru xəttinin yeri dəyişdirilmiş, Vənənd çayında 500 metr istiqamətləndirici bənd tikilmiş, 200 metr sahilbərkitmə işləri aparılmışdır. Kəndin rabitə, elektrik və qaz xətləri də yenilənmiş, 1300 metr yeraltı rabitə, 1500 metr elektrik xətti çəkilmiş, 8 transformator yarımstansiyası əsaslı təmir olunmuşdur. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılmış, 390 metr yeni qaz xətti çəkilmiş, 8882 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmışdır.
 
 
 
Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il mayın 16-da "Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalamış, yolun tikintisinə 30 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının Sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur.
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 58 kilometr uzunluğunda yolda tikinti işləri uğurla davam etdirilir. Yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir. Bu günə qədər yolun 9 kilometr hissəsində tikinti işləri başa çatdırılmış, asfalt örtük salınmış, 32 suötürücü tikilmişdir. Yolun Düylün çayından keçən hissəsində 24 metr uzunluğunda yeni körpü tikilmişdir. Hazırda yolun digər hissələrində torpaq işlər görülür.
 
 
Ali Məclisin Sədri tikinti işləri aparılarkən ərazinin relyefinin nəzərə alınması, eləcə də keyfiyyətə xüsusi diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.
 
                 15.01.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).