10:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib.
 
Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunmuşdur.
 
 
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlmiş, "Ana abidəsi"nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
 
 
Sonra Dövlət Himni səslənmişdir.
Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər düzmüşdür.
 
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
 
 
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı qırğın törədildi. SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə səbəb oldu. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almışdır. 
Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirmişdir. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli liderimiz keçirdiyi mətbuat konfransında bu vəhşiliyi və onu törədənləri kəskin ittiham etmiş, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi pisləmişdir.
20 Yanvar faciəsinin törədilməsinin əsas səbəbi xalqımızın müstəqillik arzusunu boğmaqla yanaşı, həm də torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi. 1990-cı il yanvarın 18-də Kərki kəndinin SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunması bunu bir daha təsdiq edir. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlamış və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılmışdır. Buna baxmayaraq naxçıvanlılar düşmənin önündə mərdliklə dayanmış, qəhrəmancasına mübarizə aparmış, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlamışlar.
Azərbaycan xalqının ağır günündə ulu öndər Heydər Əliyev Moskvadan doğma Vətəninə qayıtdı. Həmin dövrdə Azərbaycan işğal və parçalanmaq təhlükəsi qarşısında idi. Lakin dahi rəhbərin öz xalqına olan sevgisi, xalqın da ona inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu. Ümummilli liderimizin Naxçıvanda ölkəmizin xilası naminə həyata keçirdiyi tədbirlər müstəqillik tariximizin şanlı səhifəsinə çevrildi. Naxçıvan Muxtar Respublikasında milli dövlətçiliyimizin və müstəqilliyimizin əsasları işlənib hazırlandı, 20 Yanvar faciəsinə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında siyasi qiymət verildi. 
Ali Məclisin "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" 1990-cı il 21 noyabr tarixli Qərarında ilk dəfə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında "Milli Matəm Günü" kimi qeyd olunması əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, "1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı" qəbul olunmuşdur. Təəssüflər olsun ki, 1991-1993-cü illərdə hadisəyə ölkə səviyyəsində siyasi-hüquqi qiymət verilməmişdir.
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi bu gün də yüksək tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci il 19 aprel tarixli Fərmanı da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır.
Şəhidlik xalqın mənəvi ucalığıdır, milləti millət edən amillərdəndir. Şəhidlərin məzarları, şəhidlər xiyabanı xalqımızın müstəqillik abidəsidir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Şəhidlər öz qəhrəmanlıqları ilə xalqımızın mənəviyyatını yüksəklərə qaldırıblar. Onlar bizim müstəqilliyimizə yol açıblar. Onlar bizim müstəqilliyimizin təməlini qoyan insanlardır. Onların şəhidliyi Azərbaycan xalqını daha da mətinləşdirib, Azərbaycan xalqının daim müstəqil yolla getməyinə kömək edir və edəcəkdir". 
Bu gün 20 Yanvar faciəsi müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, güclü ordusu və qətiyyətli Lideri vardır. Xalq-Ordu-Rəhbər birliyi xalqımızın bir daha faciələrlə, soyqrımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir. 
Həmin gün saat 12:00-də şəhidlərin əziz xatirəsi muxtar respublikada bir dəqiqəlik sükutla yad edilmişdir.
 
             21/01/2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).