2:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq olunub.
 
 
Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsasını ailə təsərrüfatları və ailə biznesi təşkil edir. Çünki ailə təsərrüfatları özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa mühüm töhfə verir. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı"nın icrası bu baxımdanmühüməhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştlişərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir. Hazırda muxtar respublikada heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. Bir faktı qeyd edək ki, 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılmış, 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmiş, "Ailə təsərrüfatı məhsulları" festivalında 418 növdə, 23 min 146 adda məhsulun satışı həyata keçirilmişdir.
Beşinci çağırış Naxçıvan MuxtarRespublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov 2019-cu ili muxtar respublikada "Ailə təsərrüfatları ili" elan etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı" 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən muxtar respublikada ailə təsərrüfatı ilində ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılması dəstəklənəcək, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyi göstəriləcəkdir. Tədbirlər Planında qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması da əsas vəzifə kimi müəyyənləşdirilmişdir.
Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları Naxçıvanda meyvəqurutma sahəsində ailə təsərrüfatlarının formalaşmasına əlverişli şərait yaradır. Yerli meyvələrin qurudulması, onlardan müxtəlif mürəbbə və şirələrin hazırlanması ənənəsi bu gün də yaşadılır. Ona görə də Tədbirlər Planında ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi işinin təşkilinə köməklik göstərilməsi, muxtar respublika ərazisində yetişən yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması və satışının təşkil edilməsi konkret vəzifə kimi aid təşkilatların qarşısına qoyulmuşdur. Bundan başqa, muxtar respublikanın orta dağlıq ərazilərində yer fıstığı bitkisinin əkilməsinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə maarifləndirici tədbirlərin keçirilməsi, maili, yamac və dağətəyi zonalarda yerli məhsuldar sortlardan istifadə etməklə yeni meyvə və üzüm bağlarının salınmasına üstünlük verilməsi və damcı üsulu ilə suvarmanın tətbiqinin təbliği, ailə təsərrüfatlarında qızılgül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün qızılgül bitkisinin əkin sahəsinin genişləndirilməsi də nəzərdə tutulmuşdur.
Bu gün muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar, eləcə də Naxçıvan mətbəxinin nümunələri ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Tədbirlər Planında bu sahədə fəaliyyət göstərən ailə təsərrüfatlarının yaradılması da diqqətdə saxlanılmış, "Naxçıvan qovurması"nın istehsalının genişləndirilməsi, kiçik həcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi sahəsində vəzifələr müəyyənləşdirilmişdir. 
Ailə təsərrüfatlarının ən böyük iqtisadi səmərələrindən biri də gələcəkdə kiçik sahibkarlıq subyektlərinə çevrilməsidir. Bu işdə dövlət maliyyə dəstəyi ilə yanaşı, düzgün maarifləndirmə işinin aparılması da mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bu istiqamətdə də tədbirlərin görülməsi nəzərdə tutulmuş, ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevrilməsi məqsədilə maarifləndirici tədbirlərin aparılması vəzifə kimi qarşıya qoyulmuşdur. Eyni zamanda ailə təsərrüfatlarında istehsal olunan məhsulların qapalı müəssisələrin təchizatı üçün satın alınması, ölkə daxilində, eləcə də xaricdə keçirilən seminar və konfranslarda böyük ailə təsərrüfatı subyektlərinin iştirakının təmin edilməsi, keçirilən sərgilərdə ailə təsərrüfatı məhsullarının nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanması da nəzərə alınmış, konkret vaxt verilərək aid təşkilatlar qarşısında tapşırıqlar qoyulmuşdur. Bu vəzifələrin icrası ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların ölkə və xarici bazarlara çıxış imkanlarını xeyli artıracaqdır. Nəticədə, təsərrüfatın gəlirləri artacaq və kiçik sahibkarlıq müəssisəsinə çevrilməsi sahəsində yeni imkanlar açılacaqdır. 
Keyfiyyət amili istehsalın mühüm şərtidir. Təbii ki, bu işdə məhsulun sertifikatlaşdırılması, markalanması və qablaşdırılması istehlakçıların əsas tələbləri sırasındadır. Bu məsələyə diqqət yetirilməsi ailə təsərrüfatında istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılması, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan verir. Qeyd olunan amillər nəzərə alınaraq Tədbirlər Planında ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması,sertifikatlaşdırılmasının və markalanmasının təşkil olunması, bostançılıq və tərəvəzçiliklə məşğul olan ailə təsərrüfatlarında qurudulmuş və qablaşdırılmış məhsul istehsalının təşkili istiqamətində də tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunması, ailə təsərrüfatlarında məhsuldar toxum sortları ilə əkin keçirilməsinin təbliğ olunması, əkindən əvvəl toxumların dərmanlanmasının əhəmiyyəti, əkin üçün seçilmişsahələrdə gübrə normalarının tətbiqinin iqtisadisəmərəsi,suvarılan və dəmyə ərazilərdə taxılın şırım üsulu ilə əkilməsinin təbliği, məhsuldarlığın yüksəldilməsində bu üsulun üstünlükləri barədə maarifləndirmə işləri görüləcəkdir.
Muxtar respublikanın ərazisi yabanı tərəvəz və dərman bitkiləri ilə zəngindir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunmuşdur. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları vardır. Bu amil nəzərə alınaraq Tədbirlər Planında yabanı tərəvəz və dərman bitkilərinin toplanması, emalı, qurudulması, paketlənməsi və satışına dəstək verilməsi nəzərdə tutulmuşdur. Həmçinin ailə təsərrüfatlarında təbiicoğrafi şərait nəzərə alınmaqla təkrar əkinlərin aparılmasının təbliğ olunması və maarifləndirici tədbirlərin keçirilməsi, ailə təsərrüfatlarında istehsal olunan məhsulların saxlandığı anbar və digər yardımçı binalarda xəstəlik və zərərvericilərə qarşı tədbirlərin aparılmasına əməli köməkliklərin göstərilməsi qərara alınmışdır.
Naxçıvanda heyvandarlıq və maldarlığın inkişafı ənənəvi süd məhsulları istehsalının geniş yayılmasına səbəb olmuşdur. Bu gün Naxçıvanda istehsal olunan süd məhsulları rəqabətqabiliyyətliyi ilə seçilir və bazarın tələbatını ödəyir. Keyfiyyətin yüksək olması isə böyük alıcı marağına səbəb olmuşdur. Südçülüklə məşğul olan ailə təsərrüfatlarında xama, qaymaq, şor, qurut, motal pendir və digər ənənəvi süd məhsullarının istehsalının təbliğ edilməsi həm istehsal olunan məhsulların həcminin, həm də keyfiyyətinin dəyişilməsinə səbəb olacaq, eyni zamanda bu sahə üzrə ixtisaslaşmış yeni ailə təsərrüfatları yaradılacaqdır. Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada arıçılığın inkişafına geniş imkanlar açır. Hazırda muxtar respublikada arı ailələrinin sayı artaraq 71 mini ötmüş, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşmışdır. Ona görə də Tədbirlər Planında arıçılıqla məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi ön plana çəkilmiş, arıçılara lazımi köməklik göstərilməsi, balverən bitkilərin əkininin dəstəklənməsi, mövcud arı cinsinin qorunub saxlanılması ilə bərabər, ana arıların yetişdirilməsi üçün damazlıq təsərrüfatının yaradılması da diqqətdə saxlanılmışdır.
Ailə təsərrüfatlarının texnika ilə təminatı məhsul istehsalında əsas şərtdir. Muxtar respublikada aqrolizinq xidmətinin müasir tələblər səviyyəsində qurulması, alınıb gətirilən yeni texnikalar fermer və torpaq mülkiyyətçilərinin fəaliyyətini xeyli stimullaşdırmışdır. Artıq muxtar respublikada aqroservis sahəsi üzrə ixtisaslaşmış ailə təsərrüfatları da vardır. Bu amil əsas götürülərək ailə təsərrüfatlarını müasir, kiçik ölçülü texnika və avadanlıqlarla təmin etməklə aqroservis xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, texnikalardan düzgün və səmərəli istifadə məqsədilə müvafiq təlim kurslarının keçirilməsi müəyyənləşdirilmişdir. Tədbirlər Planında ailə təsərrüfatlarına məxsus təsərrüfat sahələrinin sığortalanmasının təbliğ edilməsi, böyük ailə təsərrüfatlarının pasportlaşdırılması işinin başa çatdırılması, ailə təsərrüfatlarının və onların istehsal etdikləri məhsulların statistik uçotunun aparılması, eləcə də hər il "Ailə təsərrüfatı məhsulları" festivalının keçirilməsi də qərara alınmışdır. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı" Tədbirlər Planının icrası bu sahədə əsaslı dönüşün yaradılacağına tam təminat verir.
 
   23.01.2019

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).