7:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
 
Yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, muxtar respublikada xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, eləcə də ixtisaslı həkim hazırlığı tibbi xidmətin səviyyəsini yüksəldib. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim, Tibb Kollecində isə orta tibb işçiləri hazırlanır. Tibb Kollecinin binası yenidən qurulmuşdur. Tibb fakültəsinin yenidən qurulması isə davam etdirilir. Səhiyyənin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, muxtar respublikadan başqa yerlərə müalicə üçün gedən xəstələrin sayında kəskin azalma var. İnsanlar muxtar respublikanın səhiyyə müəssisələrinə və həkimlərinə etibar edirlər. Bütün bunlar isə imkan verir ki, səhiyyə sahəsində lazımi işlər həyata keçirilsin. İcbari tibbi sığortanın tətbiqi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Artıq bir ilə yaxındır muxtar respublikada bu işə başlanılıb. Sədərək rayonunda icbari tibbi sığorta tam tətbiq olunur. 
Ali Məclisin Sədri demişdir: Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaqdır. Ona görə də muxtar respublikada bu sahədə tədbirlər həyata keçirilməli, digər rayonlarında da icbari tibbi sığorta tətbiq olunmalıdır. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Həmin tibbi xidmətlərin 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. Şərur rayonunda həyata keçirilən tədbirlər, Uşaq Xəstəxanasının yaradılması, həkim ambulatoriyalarının yenidən qurulması və lazımi avadanlıqlarla təmin olunması, eləcə də muxtar respublikada vahid elektron idarəetmə sisteminin qurulması icbari tibbi sığortanın tətbiqinə imkan verəcəkdir. 
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov məlumat verərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də "Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında" Fərman imzlamışdır. Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilmişdir. Şərur rayonunda da bu sahədə tədbirlər görülmüş, mərkəzi xəstəxananın təcili yardım şöbəsi lazımi avadanlıqlarla təmin edilmiş, tibbi yardım briqadasının sayı artırılmışdır. Xəstəxananın laboratoriya şöbəsi yenidən qurulmuş, tibbi avadanlıq və cihazlarla təmin olunmuşdur. Yeni narkoz və süni tənəffüs aparatı alınmış, yenidoğulmuşlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün transport küvez alınaraq quraşdırılmışdır. Şərur rayon Mərkəzi Xəstəxanasında və Uşaq Xəstəxanasında nümunəvi informasiya sistemi istifadəyə verilmişdir. 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov demişdir ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqində iştirak edəcək xəstəxanaların siyahısı hazırlanmış və həmin müəssisələrdə agentliyin qeydiyyat məntəqələri yaradılmışdır. Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılmışdır. Agentlik tərəfindən ilkin tədbirlərin icrasına başlanılmış, icbari tibbi sığortanın Şərur rayonunda tətbiq edilməsi üçün rayon əhalisi üzrə məlumatlar toplanılmışdır. Toplanılan məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görüləcək işlər barədə aidiyyatı üzrə məlumat vermişlər. 
Müşavirədə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar qəbul olunmuşdur. 
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə, Maliyyə və Səhiyyə nazirliklərinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı birgə müzakirələrin aparılması və təkliflərin hazırlanması barədə tapşırıqlar vermişdir.
 
25/01/2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).