16:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilmişdir.
 
Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi isə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın qəbul olunması və Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması bu sahədə görülən işlərin davamıdır. 
Yanvarın 24-də Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş ölkələrin səhiyyə sisteminə uyğun səhiyyə sistemi yaradılıb. Ümummilli liderimiz Heydər Əliyev tövsiyyə edirdi ki, "Sağlam nəsil böyüdülməsi dövrümüzün ən başlıca sosial vəzifəsi kimi qarşımızda durur". Bu gün Azərbaycan müstəqil dövlətdir. Müstəqil ölkədə isə insanların sağlamlığının qorunması qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də ölkəmizdə bu sahədə lazımi tədbirlər həyata keçirilir, dövlət proqramları qəbul olunur, yeni xəstəxanlar tikilir, müasir tibbi avadanlıqlar alınır və ixtisaslı həkimlər formalaşdırılır. Səhiyyənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci ilin 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"dır. Dövlət Proqramına uyğun olaraq bu gün Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilir.
Ali Məclisin Sədri demişdir: Bu gün Şərur rayonunda 116 mindən artıq əhaliyə bir mərkəzi xəstəxana, bir kənd sahə xəstəxanası, bir Gigiyena Epidemiologiya Mərkəzi, 27 ambulatoriya və 32 feldşer-mama məntəqəsi tərəfindən səhiyyə xidməti göstərilir. Bundan başqa rayon əhalisinin 41 mindən çoxu 1-17 yaş arasında olan uşaq və gənclərdir. Onlara lazımi tibbi xidmətin göstərilməsi və uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi üçün Şərur rayonunda uşaq xəstəxanasının yaradılmasına ehtiyac yaranmışdı. Bu gün lazımi tibbi avadanlıqlarla təmin olunmuş yeni xəstəxana istifadəyə verilir. Xəstəxanada 25-i həkim olmaqla 85 tibbi heyət uşaqların və gənclərin sağlamlığı keşiyində duracaq, onlara həm stasionar, həm də poliklinika xidməti göstərəcəklər. Kolektivin qarşısında duran əsas vəzifə isə Dövlət Proqramında qarşıya qoyulan vəzifələri həyata keçirmək, eyni zamanda səhiyyə protokollarına əməl etməkdən ibarətdir. Yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar və həkimlərin kurslara göndərilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. 
Ali Məclisin Sədri yaradılmış şəraitdən lazımi səviyyədə istifadə olunacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.
 
 
Şərur Rayon Uşaq Xəstəxanasının baş həkimi Günay Quliyeva çıxış edərək demişdir ki, muxtar respublikada uşaq və gənclərin sağlam böyüməsi sahəsində ardıcıl tədbirlər görülür. Müasir səhiyyə müəssisələrinin istifadəyə verilməsi, xüsusilə "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanada uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün şərait yaradılmışdır. Şərur rayonunda uşaq əhalisi tam keyfiyyətli tibbi xidmətlə əhatə olunacaqdır. Bu, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına göstərilən qayğının daha bir ifadəsidir. Günay Quliyeva Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsinə və burada yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlıq etmiş, Ali Məclis Sədrinin "Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir" fikrini rəhbər tutaraq Şərur rayonunda uşaq əhalisinin sağlamlığının qorunmasında məsuliyyətlərini artıracaqlarına və etimadı doğruldacaqlarına söz vermişdir. 
Sonra Ali Məclisin Sədri xəstəxanada yaradılan şəraitlə tanış olmuşdur. 
 
 
Məlumat verilmişdir ki, xəstəxanada stasionar şöbə, poliklinika bölməsi və yoluxucu xəstəliklər üçün izolyator fəaliyyət göstərəcək. Stasionar şöbə 3 palata, reanimasiya və intensiv terapiya, uşaqlar üçün oyun və işçilər üçün otaqlardan ibarətdir. Poliklinika bölməsi birinci və ikinci mərtəbələrdə yerləşir. Birinci mərtəbədə qeydiyyat, dispanzerizasiya, təcili tibbi yardım və manipulyasiya, stomatoloq, stomatoloq-ortodont, fizioterapiya, laboratoriya, ultrasəslə müayinə, kardiorevmotoloq, nevropatoloq, cərrah-travmatoloq, qəbul üzrə həkim, sahə pediatrları və sahə tibb bacıları, peyvənd və BÇJ kabinələri, yeməkxana, mətbəx, camaşırxana, texniki işçilər üçün otaqlar vardır. Yoluxucu xəstəliklər üçün izolyator da birinci mərtəbədə yerləşir və girişi ayrıdır. 
Xəstəxanada nümunəvi tibbi informasiya sistemi yaradılmış, 12 kompüter qoyulmuşdur. Bu da xəstələrin qeydiyyatının elektron formada aparılmasına, eləcə də onlar haqqında məlumatların Səhiyyə Nazirliyindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən və icbari tibbi sığortanın tətbiq olunduğu digər xəstəxanalardan birbaşa izlənilməsinə imkan verəcəkdir. 
İkinci mərtəbədə oftalmoloq, LOR, endokrinoloq-allerqoloq, derma-toveneroloq, ginekoloq, fitizatr-infeksionist, psixoloq-loqoped, baş həkim, mühasibatlıq və metodist üçün otaqlar yerləşir. Burada mərkəzi oksigen sistemi yaradılaraq reanimasiya və intensiv terapiya, palata, təcili tibbi yardım və manipulyasiya otaqlarına verilmişdir. Xəstəxanada stasionar ultrasəslə müayinə cihazı, 2 stomatoloji qurğu, elektrokardioqrafiya, elektroensefaloqrafiya, hematoloji, biokimyəvi, EÇS təyini, qlükometr, avtoanalizatorlar, mikroskop, sentrifuqa, termostat, reanimasiya üçün kardio-monitorlar, elektrosorucu, ambu süni tənəffüs aləti, oksigen konsentratoru, pulsoksimetr, fizioterapiya kabinəsi üçün elektro və ultrasəs müalicə, ultra yüksək tezlikli cərəyanla müalicə, darsonval, inqalyator cihazları, solyuks, soyuq və isti kvars lampaları, parafinqızdırma qazanı quraşdırılmışdır. Həmçinin xəstəxananın oftalmoloji kabinəsi üçün şirim lampası, oftalmotoloji proyektor, dioptrimetr, oftalmoskop, retinoskop, görmə itiliyinin korreksiyası üçün linza dəsti, keratorefraktometr, sterilizasiya üçün avtoklav, quru hava sterilizatorları, bakteriosid lampalar, paketləmə cihazı, lor əməliyyat dəsti qoyulmuş, eləcə də yeni təcili tibbi yardım avtomobili verilmişdir. 
Həkim Nüsrət Həsənov minnətdarlıq edərək demişdir: "Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm", - deyən Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvanda ulu öndərin ideyaları reallığa çevrilmişdir. Bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafı təmin edilmişdir. Xüsusilə gənc nəslin sağlam böyüdülməsi sahəsində görülən işlər, müasir xəstəxanaların istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdır. 
Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, muxtar respublikada səhiyyə maarifi işi və səhiyyə protokolunun düzgün aparılması sahəsində müvafiq tədbirlər görülür. İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tərəfindən 500-dən artıq səhiyyə protokolunu əhatə edən 19 adda kitab tərcümə olunmuşdur. 
Ali Məclisin Sədri rayonda uşaq və gənclərin sağlamlığının daim diqqətdə saxlanılmasının vacibliyini vurğulamış, səhiyyə protokollarının çap olunaraq bütün tibb müəssisələrinə paylanılması və düzgün istifadəsi, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici kursların keçirilməsi barədə tapşırıqlar vermişdir. 
Xəstəxananın həyətində də abadlıq işləri aparılmış, mərkəzi istilik sistemi quraşdırılmışdır.
 
               25/01/2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).