7:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir.
 
Qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadıldığı yaşayış məntəqələrindən biri də Şahbuz rayonudur. Özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti Şahbuz rayonunda tarixən mədəniyyətin inkişafına səbəb olmuşdur. Son illər rayonda aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə etmiş, mədəniyyət kollektivlərinin fəaliyyəti üçün geniş imkanlar açmışdır.
Yanvarın 30-da Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, bu gün muxtar respublikamızda mədəniyyətin inkişafı təmin edilmişdir. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin, uşaq musiqi və incəsənət məktəblərinin yaradılması, kənd mərkəzlərində kitabxana və mədəniyyət evləri üçün binaların istifadəyə verilməsi, eləcə də xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi, elmi konfransların keçirilməsi, görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı verilən fərman və sərəncamlar mədəniyyətimizin inkişafına mühüm töhfədir. Şahbuz Rayon Mədəniyyət Sarayı üçün yeni binanın inşası da mədəniyyətə göstərilən böyük qayğının bariz nümunəsidir. Natəvan Qədimova mədəniyyətə və incəsənətə göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmiş, yaradılan şəraitə və göstərilən qayğıya əməli işlə cavab verəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək demişdir: Şahbuz Rayon Mədəniyyət Şöbəsi 1936-cı ildə yaradılmışdır. Bu gün istifadəyə verilən Şahbuz Rayon Mədəniyyət Sarayında şöbənin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Mədəniyyət Sarayında Rayon Mədəniyyət Şöbəsinin, Mədəniyyət Sarayının və Xalq Teatrının fəaliyyəti təmin edilmişdir. Hazırda Şahbuz rayonunun mədəniyyət müəssisələrində 4 dram dərnəyi, 4 yallı və folklor qrupları fəaliyyət göstərir. Yaradılan şərait imkan verəcəkdir ki, kollektivlər ölkəmizin mədəni inkişafına öz töhfələrini versinlər. 
 
 
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin "Hər bir xalqın mədəniyyəti onu yüksəldir, dünyada tanıdır, mənəviyyatını zənginləşdirir", - fikirlərini xatırladaraq demişdir: Bu gün ulu öndərin tövsiyyələri ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilir. Mədəniyyət sahəsində çalışanlara dövlət təqaüdlərinin və mükafatlarının verilməsi, onların təltif olunması, əməkhaqlarının artırılması, mədəniyyət saraylarının və evlərinin, klubların, kitabxanaların tikilib istifadəyə verilməsi ölkəmizin mədəni inkişafının göstəricisidir. 
Ali Məclisin Sədri demişdir: Mədəni inkişaf olmadan, ölkənin ümumi inkişafını təmin etmək mümkün deyil. Xalqın mədəni inkişafı onun əsas inkişaf göstəricisidir. Ona görə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı sahəsində lazımi tədbirlər görülür. Mədəniyyət sarayları tikilir, klublar, mədəniyyət evləri və kitabxanalar istifadəyə verilir, xalq yaradıcılığı günləri keçirilir. Şahbuz rayonunda fəaliyyət göstərən dərnəklər, folklor və yallı qrupları üçün lazımi şəraitin yaradılması imkan verəcək ki, mədəniyyət kollektivləri öz repertuarlarını zənginləşdirsinlər, konsertlər hazırlayaraq rayon ictimaiyyətinə təqdim etsinlər. Həmçinin muxtar respublikada fəaliyyət göstərən mədəniyyət kollektivləri burada konsertlər və tamaşalar hazırlayacaqlar. Bir sözlə, Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi mədəniyyətmizin qorunub gələcək nəsillərə çatdırılmasına və daha da zənginləşdirilməsinə xidmət edəcəkdir. 
Ali Məclisin Sədri demişdir: Bu gün dünyada gedən qloballaşma prosesləri zəruri edir ki, hər bir xalq öz mədəniyyətini qorusun və təbliğ etsin. Çünki xalqın səviyyəsini həm də onun malik olduğu zəngin mədəniyyət təsdiq edir. Mədəniyyət Sarayında yaradılan şərait də imkan verəcəkdir ki, xalqımızın qədim mədəniyyətə və zəngin mənəviyyata malik olduğunu göstərə bilək, onları qoruyub gələcək nəsillərə çatdıraq. 
Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə rayonda müxtəlif mədəni tədbirlərin hazırlanıb həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdir. 
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, binada Rayon Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayı və Şahbuz Rayon Xalq Teatrı üçün müasir iş şəraiti yaradılmışdır. Binanın birinci mərtəbəsində proyektorla təmin edilmiş 224 yerlik tamaşa zalı, dekorasiya otağı, 4 qrim otağı, paltarsaxlama və texniki işçilər üçün otaqlar yerləşir. İkinci mərtəbədə Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayı və Rayon Xalq teatrı üçün iş, məşq və idarəetmə otaqları vardır. Mədəniyyət Sarayında dram, yallı, bədii qiraət və toxuculuq dərnəkləri, "Batabat" instrumental ansamblı fəaliyyət göstərir. Saraya 2 kompüter və 1 fortepiano verilib.
Tamaşa zalında "Batabat" instrumental ansamblının, muğam üçlüyünün, saz ansamblının və yallı kollektivinin çıxışı olmuşdur. 
 
 
Ali Məclisin Sədri ifaçılarla görüşmüş, uğurlu çıxışlara görə onları təbrik edərək demişdir: Müasir tələblərə cavab verən Mədəniyyət Sarayı Şahbuz rayonunun mədəni həyatında dönüş yaradacaqdır. Rayondakı mədəniyyət kollektivləri, musiqi məktəbləri, yallı qrupları, dram dərnəkləri Mədəniyyət Sarayının imkanlarından səmərəli istifadə etməli, tədbirlər keçirilməli, qurulanlar qorunmalıdır. Təqdim olunan nömrələr bir daha göstərdi ki, kollektivin davamçıları yetişir. Şahbuz rayonunda doğulmuş, lakin Naxçıvan və Bakı şəhərlərində yaşayan musiqiçilər, ifaçılar da dəvət olunmalı, onların Mədəniyyət Sarayında konsertləri keçirilməlidir. 
Sonra xatirə şəkli çəkdirilmişdir.
 
 
Sarayda fərdi qazanxana və soyutma sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.
 
 31/01/2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).