21:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şahbuz şəhərində yeni Aviakassa tikilmişdir.
 
Muxtar respublikada hava nəqliyyatı müasir tələblər səviyyəsində qurulmuşdur. Bu sahədə xidmətin hərtərəfli təşkili daim diqqətdə saxlanılır. Turizm bölgəsi olan Şahbuz rayonunda yeni aviakassanın istifadəyə verilməsi də mühüm əhəmiyyətə malikdir. 
Yanvarın 30-da Şahbuz şəhərində yeni Aviakassanın açılışı olmuşdur. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək demişdir ki, Naxçıvan Beynəlxalq Hava Limanında böyük quruculuq işləri aparılmış, uçuşların təhlükəsizliyi təmin olunmuş, mövcud xidmət potensialı daha da artmışdır. Hava limanında sərnişin və yükdaşımaları müasir səviyyəyə çatdırılmışdır. Müasir memarlıq üslubunda tikilən Şahbuz Şəhər Aviakassası da bu sahədə görülən işlərin davamıdır. Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə mülki aviasiya işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Şəhər Aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: Müstəqil Azərbaycanda hava nəqliyyatının inkişafı və hava daşımaların müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlər görülür. Bu işlərin tərkib hissəsi kimi Naxçıvan Beynəlxalq Hava Limanı da yenidən qurulmuşdur. Ötən dövrdə muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində görülən işlər davam etdirilmiş, Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında aviakassalar tikilmişdir. Bu gün isə Şahbuz rayonunda müasir aviakassa istifadəyə verilir. Şahbuz şəhərinin arxitekturasına xüsusi yaraşıq verən aviakassada 9 yeni iş yeri yaradılmışdır. 
 
 
Ali Məclisin Sədri demişdir: Həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafının göstəricisidir. Çünki hər bir ölkənin ümumi inkişafı yalnız bir sahədə deyil, bütün sahələrdə inkişaf təmin olunduğu zaman mümkün olur. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ilə gedən Azərbaycanda hərtərəfli inkişaf təmin edilib. Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti bütün sahələrin inkişafını diqqətdə saxlayır. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının beynəlxalq səviyyədə qurulması bunu bir daha təsdiq edir. Muxtar respublikada hava daşımalarının daha etibarlı təşkili sahəsində görülən işlərin davamı olaraq hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağı tikilir. 
Ali Məclisin Sədri demişdir: Əhalinin rifah halı yaxşılaşır, insanlar ölkəmizin və dünyanın müxtəlif yerlərinə səyahət edirlər. Şahbuz şəhərində yeni aviakassanın istifadəyə verilməsi də insanların səyahətlərinin rahat təşkilinə hesablanmışdır. 25 mindən çox rayon sakini vaxt itkisinə yol vermədən öz yaşadığı ərazidən həm ölkəmizin, həm də dünyanın istənilən yerinə səyahət etmək üçün bilet ala biləcəklər. 
Ali Məclisin Sədri aviakassanın qurulmasında əməyi olanlara təşəkkür etmiş, xidmətin nümunəvi təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət aviakassa binasının birinci mərtəbəsində gözləmə zalı, kassa, təhlükəsizlik otağı, texniki otaq və məlumat köşkü yerləşir. İkinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx istifadəyə verilmişdir. Binaya sürətli internet xətti çəkilmiş, kompüter dəstləri və POS-terminal, təhlükəsizlik kameraları və sensorlu növbə kartı verən xüsusi avadanlıq quraşdırılmışdır. Sərnişinlər təyyarə reysləri və boş yerlər haqqında əvvəlcədən məlumat əldə edə biləcəklər.
 
 
Aviakassa fərdi istilik və mərkəzi soyutma sistemləri ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.
 
31/01/2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).