10:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda Ombudsman təsisatının yaradılmasından 13 il ötür. 
 
Ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz tərəfindən aparılmış hüquq islahatları və həyata keçirilmiş məqsədyönlü tədbirlər insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. 
Qeyd etmək lazımdır ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırılmasında bu sahədə qəbul olunan dövlət proqramlarının mühüm rolu vardır. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş sənədlər sırasında Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanında insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilməklə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.
Həmin fərmanın ardınca isə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" qəbul edilmişdir. Dövlət Proqramında təsdiq edilmiş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Avropa hüquq məkanına doğru inteqrasiya prosesini daha da sürətləndirmiş və bunun məntiqi davamı olaraq 2001-ci il dekabr ayının 28-də "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunun qəbul edilmişdir.
Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. 
Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. İnsan hüquqlarının qorunmasını və bu sahədə görülən tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan ölkə başçısının "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında" 2006-cı il 28 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ölkəmizdə insan hüquq və azadlıqlarının davamlı inkişafına zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamına əsasən isə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilmişdir. 
Hüquqi, demokratik dövlət quruculuğunun ən mühüm amili olan insan hüquq və azadlıqlarının müdafiəsinin təminatı ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da kompleks şəkildə davam etdirilməkdədir.
Qeyd etmək lazımdır ki, muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən əhəmiyyətli və yaddaqalan hadisə Ali Məclis Sədrinin təşəbbüsü ilə insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatının yaradılması olmuşdur. Belə ki, 20 fevral 2006-cı ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə bu qanunun tətbiq edilməsi haqqında Fərman imzalanmışdır. 
Ötən dövr ərzində təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılmışdır. Həyata keçirilmiş bu tədbirlər insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir. 
Təsisat vətəndaşlarla dövlət və yerli özünüidarəetmə orqanları arasında bir körpü yaratmaqla, bu qurumların insan hüquqlarının müdafiəsi işinin daha səmərəli təşkili və həyata keçirilməsi, o cümlədən, bu sahədə fəaliyyətinin davamlı təkmilləşdirilməsinə xidmət edir. 
Müvəkkil təsisatı ötən dövrdə səmərəli hüquqi təsisat kimi formalaşmış, muxtar respublikanın dövlət orqanları sistemində özünəməxsus yer tutmuşdur. Bu gün Müvəkkil təsisatı insan hüquq və azadlıqlara əməl olunması sahəsində qarşıya qoyulan vəzifələrin icrasında mühüm rol oynayır.
Bu gün muxtar respublikada bütün dövlət orqanları qayğı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı üçün müasir iş şəraitinin yaradılması, eyni zamanda təsisatın işçilərinin əməyinin qiymətləndirilməsi bu qayğıyının bariz nümunəsidir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 aprel 2018-ci il tarixli Sərəncamı ilə  Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin, 19 fevral 2016-cı il tarixli Sərəncamı ilə isə Müvəkkil aparatının işçilərinin bir qrupunun təltif olunması hörmətli Sədrimiz tərəfindən bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir.
Şübhəsiz ki, cəmiyyət inkişaf etdikcə insan və vətəndaşaların hüquqları daha da genişlənir, inkişaf edir, müasirləşir və qarşıya yeni vəzifələr qoyulur.
Muxtar respublikada bu istiqamətdə ardıcıl olaraq müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən təsisatın fəliyyətinin daha da təkmilləşdirilməsi təsisatımızın hər bir əməkdaşına imkan verir ki, üzərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlsin və öz fəaliyyəti ilə respublikamızda gedən sürətli inkişafa töhfəsini verə bilsin. Müvəkkil təsisatı bundan sonra da üzərinə düşən vəzifələrin  yerinə yetirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi istiqamətində səylərini artıracaqdır.
 
20.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).