21:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
 
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir.
Fevralın 22-də Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək demişdir ki, muxtar respublikanın elektroenergetika sektoru davamlı inkişaf mərhələsindədir. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə də mühüm əhəmiyyətə malikdir. Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından minnətdarlıq etmişdir.
İsveçrənin "Pure Energy Development" SARL Şirkətinin icraçı direktoru Mişel Kalerami çıxış edərək demişdir: "Bu gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində lider mövqedədir. Xüsusilə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə olunur. Bu işdə qarşılıqlı əməkdaşlıqdan "Pure Energy Development" SARL Şirkətinin kollektivi böyük məmnunluq duyur. Naxçıvan Muxtar Respublikasının qəlbimdə dərin yeri vardır. Gələcəkdə də muxtar respublika ilə əməkdaşlığı davam etdirəcəyik. Günəş elektrik stansiyasının qurulmasında göstərilən dəstəyə və səmərəli əməkdaşlığa görə minnətdarlıq edirik". 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir. Artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir.
Qeyd olunmuşdur ki, muxtar respublikada elektrik stansiyaları qurularkən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çünki inkişaf edən dünyada yeni texnologiyaların tətbiqi və bu sahə üzrə mütəxəssislərin hazırlanması mühüm şərtdir. Muxtar respublikada da bu amil əsas götürülür. Ona görə də yeni texnologiyalar tətbiq olunmaqla yanaşı, həm də onları idarə edəcək mütəxəssislər hazırlanmalıdır. Bu gün muxtar respublikada üçüncü Günəş Elektrik Stansiyası istifadəyə verilir. 20 meqavatlıq birinci Günəş Elektrik Stansiyası 2015-ci ilin dekabrında ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. 2 meqavatlıq ikinci Günəş Elektrik Stansiyasının 2017-ci ilin sentyabr ayında açılışı olmuşdur. Bu gün isə 2 meqavatlıq Kəngərli Günəş Elektrik Stansiyası istifadəyə verilir.
Ali Məclisin Sədri bu münasibətlə istifadəçiləri və kollektivi təbrik edərək demişdir: Qurulan yeni Günəş Elektrik Stansiyası səmərəli istismar olunmalıdır. Stansiyada dünyada qəbul olunmuş son model müasir panellər quraşdırılıb. Şüşə tipli bu panellərin elektrik verilişi alüminium panellərə nisbətən daha yüksəkdir. Eyni zamanda bu panellər imkan verir ki, stansiya qurularkən daha az torpaq sahəsindən istifadə olunsun. 4,7 hektar ərazidə qurulmuş rentabelli Günəş Elektrik Stansiyası muxtar respublikamızın inkişafına, dayanıqlı elektrik enerjisi təminatına və yeni mütəxəssislərin hazırlanmasına imkan verəcəkdir. 
 
 
Ali Məclisin Sədri Günəş Elektrik Stansiyasının qurulmasında əməyi olanlara, xüsusilə "Pure Energy Development" SARL Şirkətinin icraçı direktoru Mişel Kaleramiyə və şirkətin kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yeni Günəş Elektrik Stansiyası kənd təsərrüfatı üçün yararsız ərazidə qurulub. 2 meqavat gücündəki Günəş Elektrik Stansiyasının tikintisi Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə İsveçrənin "Pure Energy Development" SARL Şirkəti arasında 2018-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilmişdir. İl ərzində 3 milyon kilovatsaat elektrik enerjisi istehsal ediləcək stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılmış, 7452 "şüşə-şüşə" tipli günəş panelləri, hər birinin gücü 50 kilovatt olan 41 invertor, içərisində kommutasiya aparatları və digər elektrik avadanlıqları qoyulmuş 2 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılmış və idarəetmə binası tikilmişdir.
 
 
Stansiyada yeraltı aşağı və yüksək gərginlikli xətlər, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilmişdir. İdarəetmə binası 35 kilovoltluq kommutasiya avadanlıqları ilə təmin edilmişdir. Yaxınlıqda yerləşən 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasına qoşulmaq ücün 2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik xətti çəkilmiş, ərazi çəpərlənmiş, siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunmuşdur. Quraşdırılan yeni meteoroloji stansiya ərazidə hava şəraitinə, yağıntının və rütbətin miqdarına nəzarət etməyə imkan verir. Bununla da Naxçıvan Muxtar Respublikasında Günəş elektrik stansiyalarının qoyuluş gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat saata çatdırılmışdır.
 
 
 
  23.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).