21:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Polis əməkdaşlarının hüquqi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdirilir.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2019-cu ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq bu qurumun tabeliyində olan polis idarə, şöbə və bölmələrində cari ildə də hüquqi maarifləndirmə tədbirlərini davam etdirir.
Belə ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon polis şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmiş, tədbirdə Ombudsman aparatının əməkdaşı Mətin Quluzadə çıxış edərək Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqi və konstitusion əsasları barədə tədbir iştirakçılarına məlumat vermişdir. 
 
 
M.Quluzadə qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət statusunun əsası ilk dəfə 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi ilə bu status daha da möhkəmləndirilmiş, ərazisi, sərhədləri dəqiqləşdirilmişdir.
M.Quluzadə vurğulamışdır ki, Naxçıvana muxtariyyət statusu Moskva və Qars müqavilələri ilə verilsə də, Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevral ayına kimi uzadılmışdır. Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmiş, məhz bu dekretlə Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verilmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılır.
Blokada şəraitində - iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması haqqında məlumat verən M.Quluzadə diqqətə çatdırmışdır ki, ötən dövr ərzində muxtar respublikada qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın diversifikasiyasına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunmuş, muxtar respublikanın inkişafının yeni inkişaf mərhələsi başlamışdır.
 
 
 
Məruzəçi əlavə etmişdir ki, 2019-cu ildə Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 21 yanvar 2019-cu il tarixdə "Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" tarixi sənəd imzalanmışdır.
Qeyd olunmuşdur ki, 2019-cu ildə də 95 illik yubileyini qeyd etdiyimiz Naxçıvanda hüquqi dövlət quruculuğu daha da möhkəmlənəcək, sosial-iqtisadi sahələrdə inkişaf dinamikası sürətlənəcək, əhalinin rifah halı daha da yaxşılaşacaq və ən əsası 2019-cu il tariximizə daha bir yüksəliş və tərəqqi dövrü kimi yazılacaqdır.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
 07.03.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).