20:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunmuşdur.
 
Qıvraq qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir.
 
Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı dinamik əhali artımı ilə müşahidə olunur. Bu da məskunlaşmanın artmasına və yeni yaşayış məntəqələrinin yaranmasına səbəb olmuşdur. 15 il bundan əvvəl yaradılan Kəngərli rayonu da ötən dövrdə böyük inkişaf yolu keçmişdir. Rayon mərkəzi Qıvraq qəsəbəsində geniş quruculuq işləri aparılmış, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilmişdir. 
Martın 7-də Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunmuş, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olmuşdur. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikada əhalinin məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Qıvraq qəsəbəsində yeni yaşayış binasının inşa olunduğunu bildirmiş, tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırıldığını qeyd etmişdir. Bina haqqında ətraflı məlumat verən Hicran Rüstəmov göstərilən qayğıya görə inşaatçılar adından minnətdarlıq etmiş, bundan sonra da tapşırıqların icrası üçün səylə çalışacaqlarını bildirmişdir. 
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir ki, Kəngərli rayonu sürətli inkişaf və yüksəliş yolu keçərək müasir mərhələyə gəlib çatmışdır. Bir vaxt boş çöllərdən ibarət olan bu ərazilər indi şəhər görkəminə qovuşub. Ötən dövrdə Kəngərli rayonunun bütün kəndləri və Qıvraq qəsəbəsi kompleks abadlaşmış, inzibati binalar tikilmiş, 79,9 kilometr yeni yol salınmış, 6 körpü, 2 meqavatlıq Günəş Elektrik Stansiyası qurulmuş, tarixi abidələrimizə, eləcə də dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilmişdir. Kəngərli rayonu yaranandan bu günədək tikinti- quruculuq işləri rayon mərkəzi ilə yanaşı, kəndləri də əhatə etmiş, 5382 şagird yerlik 12 məktəb, 224 yerlik uşaq bağçası tikilmiş, Mədəniyyət Sarayı, 2 muzey, Şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilmişdir. Rayon ərazisində 5 su nasos stansiyasının, eləcə də 1140 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin qurulması, Böyükdüz kəndində toxumçuluq təsərrüfatının yaradılması yüzlərlə hektar əkilməyən torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına səbəb olmuşdur. Son illərin quruculuq ünvanları olan müasir sənaye kompleksi və sement zavodu isə ölkəmizin mühüm sənaye obyektləri sırasındadır. Həm sənaye müəssisələrində, həm də son illər Kəngərli rayonunda qurulan onlarla kiçik istehsal və xidmət sahələrində yüzlərlə iş yeri açılmışdır. Qıvraq qəsəbəsində tikilən 7 mərtəbədən ibarət yaşayış binası da insan amilinə, əhalinin firavan yaşamasına verilən dəyərin ifadəsidir. Müasir Kəngərli Azərbaycan dövlətinin bir rayonun timsalında iqtisadi gücünün və sosial dayanıqlığının, insan amilinə hərtərəfli qayğısının göstəricisidir. İcra başçısı göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlıq etmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Kəngərli rayonunun yaranmasından 15 il ötür. Azərbaycan Respublikası Prezidentinin imzaladığı Azərbaycan Respublikasının 2004-cü il 19 mart tarixli Qanununa əsasən yaradılmış rayon ötən 15 il ərzində böyük inkişaf yolu keçmişdir. 
 
 
Ali Məclisin Sədri Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü münasibətilə sakinləri təbrik etmiş, rayonun inkişafında əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Ötən 15 ildə Kəngərli rayonunun əsas inkişaf göstəricilərindən biri əhalisinin sayının 7 min nəfərə yaxın artaraq 32 minə çatması olmuşdur. Bundan başqa rayonda sənaye məhsulu 16 dəfə, kənd təsərrüfatı məhsulu 7 dəfə, investisiya qoyuluşu 50 dəfə, rabitə xidmətlərinin həcmi 7 dəfə, əkin sahəsi isə 54 faiz artmışdır. Bütün bunlar rayonun inkişafının göstəriciləridir. Ötən dövrdə rayonun ictimai-siyasi həyatında böyük dəyişikliklər baş vermiş, geniş quruculuq işləri görülmüş, müasir rayon formalaşmışdır. Aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq bu gün rayonda su-kanalizasiya sistemləri qurulur, meliorasiya tədbirləri həyata keçirilir, tarixi abidələr bərpa olunur, məktəblər tikilir, yollar çəkilir, rayon ərazisindəki hərbi hissələr müasir xidmət və yaşayış şəraiti ilə təmin olunur. Görülən bu işlər rayonun inkişafını daha da sürətləndirəcək, Kəngərli Azərbaycanın qabaqcıl rayonları sırasında öz yerini tutacaqdır. 
 
 
Ali Məclisin Sədri demişdir: Rayonun yaradılması və inkişaf etdirilməsi üçün uzun illər tələb olunur. Lakin yaranmasından qısa müddət keçməsinə baxmayaraq Kəngərli rayonu tam formalaşmış və inkişaf etmişdir. Rayonun yaranmasının 15-ci ildönümündə 48 mənzilli yeni yaşayış binasının istifadəyə verilməsi mühüm nəaliyyətdir və rayonun yubileyinə layiqli töhfədir. Binanın ilk sakinləri Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünün qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirmiş və sağlamlığını itirmiş şəxslərdir. Bu da mühüm əhəmiyyət daşıyır. Çünki dövlət qayğısı ilə tikilmiş binanın ilk sakinləri dövlət qarşısında xidməti borclarının ləyaqətlə yerinə yetirmiş insanlardır. 
Ali Məclisin Sədri mənzillə təmin olunan sakinləri təbrik edərək demişdir: Bu gün Kəngərli rayonunun ictimai-siyasi həyatında fərqlənənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ötən dövrdə rayonun formalaşmasında və inkişafında xidməti olanların əməkləri yüksək qiymətləndirilmiş, onlar orden, medal və fəxri adlarla təltif olunmuşlar. Rayonun formalşmasında hər bir sakininin əməyi vardır. Dövlət qayğısı və birgə fəaliyyət rayonun inkişafını təmin edib. 
 
 
Ali Məclisin Sədri rayonun inkişafında əməyi olan bütün sakinlərə təşəkkür etmiş, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırmış və əminliyini bildirmişdir ki, Kəngərli rayonu bundan sonrakı yubileylərini də yüksək inkişaf göstəriciləri ilə qeyd edəcəkdir. 
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 48 mənzil vardır. Mənzillərdən 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 93 və 78, ikiotaqlı mənzillərin ümumi sahəsi 59 və 62 kvadratmetrdir. Mənzillər müasir kommunal şəraitlə təmin olunmuş, hər birinə daimi su xətti çəkilərək zirzəmidə 2 ədəd 8 tonluq su çənləri qoyulmuş, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılmışdır. 
 
 
Binanın həyətində abadlıq işləri aparılmış, istirahət güşəsi yaradılmış, 1500 metr uzunluğunda yeni avtomobil yolu salınmış, 1510 metr su xətti çəkilmiş, 250 kilovoltluq transformator yarımstansiyası, müasir işıqlandırma və suvarma sistemləri qurulmuşdur. 
Zirzəmidə mühəndis-texniki tələblərə uyğun inşa olunmuş mülki müdafiə və səfərbərlik ehtiyatı anbarı yerləşir. Həmçinin burada xidmət mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, çəkməçi dükanları vardır. Burada 6 sakin işlə təmin olunmuşdur. 
 
 

 
Sosial qayğıya ehtiyacı olanlara mənzillər və Kəngərli rayon dini icmasına xidməti avtomobil təqdim edilib.
 
Martın 7-də Qıvraq qəsəbəsindəki yeni yaşayış binasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş bir nəfərə üçotaqlı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxsə isə ikiotaqlı mənzil təqdim olunmuş, Kəngərli rayon dini icmasına xidməti avtomobil verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanların reabilitasiyası, onlara sosial xidmətlərin göstərilməsi, təhsili, məşğulluğu və yaradıcı potensiallarının aşkar edilməsi daim diqqət mərkəzindədir. Bununla yanaşı sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu günədək şəhid ailələrinə və müvafiq kateqoriyadan olan şəxslərə 217 mənzil və fərdi yaşayış evləri, 462 nəfərə isə minik avtomobilləri təqdim edilmişdir. Bu gün sağlamlıq imkanı məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına və xidməti vəzifəsinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə mənzillərin verilməsi də bu sahədə görülən işlərin davamıdır. Nicat Babayev göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir. 
Kəngərli rayon dini icmasının rəhbəri Mirtofiq Seyidov minnətdarlıq edərək demişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində geniş quruculuq işləri aparılır. Sosial obyektlər, inzibati binalar tikilir, yollar çəkilir, tarixi abidələrimiz bərpa olunur. Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksinin öz tarixi görkəminə qaytarılması tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsidir. Muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması sahəsində də arıdıcıl tədbirlər görülür, yeni məscidlər tikilir. Kəngərli rayonunda da din xadimlərinə hərtərəfli qayğı göstərilir, məscidlər bərpa olunur. İslam dininin olduğu kimi təbliğ olunması, dini ayinlərin düzgün icrası və mənəvi dəyərlərimizin yaşadılması qarşımızda duran əsas vəzifədir. Bu vəzifələrin öhdəsindən layiqincə gələcək, göstərilən qayğı müqabilində daha səylə işləyəcəyik. Mirtofiq Seyidov Ali Məclisin Sədrinin qarşıdan gələn Novruz bayramı münasibətilə muxtar respublika dindarları adından təbrik etmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sağlamlıq imkanı məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına və xidməti vəzifəsinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxsə mənzillərin orderlərini təqdim etmiş, onlara firəvan həyat arzulamışdır. Həmçinin Ali Məclisin Sədri Kəngərli rayon dini icmasına "Naz Lifan-330" markalı minik avtomobilinin açarını təqdim etmişdir. 
Müasir şəraiti olan mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunmuşdur. 
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığını itirmiş Mirməhəmməd Seyidov və onun ailə üzvü Mahirə Seyidova, eləcə də Azərbaycan Vətən müharibəsi iştirakçısının ailə üzvü Zümrüd Allahverdiyeva göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər. 
 
Dövlət Sığorta Agentliyinə səyyar xidməti avtomobilləri verilmiş, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılmışdır. 
 
Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Dövlət Sığorta Agentliyinin yeni binasında yaradılan şəraitlə tanış olmuş, Dövlət Sığorta Agentliyinə 2 ədəd səyyar xidməti avtomobil təqdim edilmişdir. 
 
 
Bildirilmişdir ki, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün 7 iş otağı ayrılmış, otaqlarda müasir iş şəraiti yaradılmışdır. Agentliyin otaqları üçün fərdi istilik sistemi qurulmuş, mebel dəstləri, kompüter və lazımi inventarlar qoyulmuşdur. Səyyar xidmət avtomobilləri internet, kompüter, printer və digər avadanlıqlarla təmin edilmişdir. Bu da muxtar respublikanın kəndlərində sığorta ərizələrinin qəbulunun və müqavilələrin bağlanmasının həyata keçirilməsinə imkan verəcəkdir. 
 
 
Ali Məclisin Sədri kollektivi təbrik edərək demişdir: Ölkəmizdə ASAN xidmətin tətbiqi əhalinin rahatlığına xidmət edir. Artıq ASAN xidmət dünyada nümunəvi model kimi qəbul olunur. Muxtar respublikada əhaliyə göstərilən səyyar xidmət də ASAN xidmətin bir formasıdır. Artıq muxtar respublikada Daxili İşlər Nazirliyində, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində səyyar xidmətlər fəaliyyət göstərir. Həmçinin əhaliyə internet üzərində onlayn xidmətlər göstərilir. Bütün bunlar isə imkan verir ki, əhali vaxt itkisinə yol verməsin. Muxtar respublikada sığorta sahəsində də səyyar xidmətin yaradılmasına ehtiyac vardı. Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Agentliyi 4 icbari və 7 könüllü sığorta fəaliyyətini həyata keçirir. Bu gün Dövlət Sığorta Agentliyinə yeni səyyar xidmət avtomobillərinin təqdim olunması və Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraitinin yaradılması bu sahədə fəaliyyətin hərtərəfli təşkilinə imkan verəcəkdir. 
 
 
Ali Məclisin Sədri demişdir: Sığorta işinin əsasında könüllü sığortanın tətbiqi dayanır. Könüllü sığorta isə insanları maarifləndirmə yolu ilə həyata keçirilir. Fəaliyyətin bu istiqamətdə qurulması sığorta təşkilatlarının qarşısında duran əsas vəzifələrdəndir. Sığorta işçiləri və bu sahədə çalışanlar muxtar respublikada sığorta işinin qurulmasında, könüllü sığortanın inkişaf etdirilməsində öz səylərini daha da artırmalı, müasir sığorta sistemi formalaşdırılmalıdır. 
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sığorta işinin təşkili sahəsində ardıcıl tədbirlərin görüldüyünü bildirmiş, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 
 
Kəngərli rayon sakinləri dövlət qayğısına görə minnətdarlıq edirlər.
 
Rayon sakini, ziyalı Əbülfəz Orucov minnətdarlıq edərək demişdir: Bu gün biz sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Rahat yaşayışımıza görə dövlətimizə minnətdarıq. Kəngərli rayonunda bütün sahələr inkişaf edir. Təhsil işçiləri də qayğı ilə əhatə olunub. Sakinlər bundan sonra da ulu öndərimizin yoluna sadiq qalacaq, rayonun inkişafına öz töhfələrini verəcək, abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəklər. 
 
 
Ali Məclisin Sədri demişdir ki, 15 il bundan əvvəl yaradılan Kəngərli rayonu hazırda muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Bu gün rayonun ən ucqar kəndləri telefonlaşdırılıb, sürətli internet şəbəkəsi qurulub, ən müasir məktəblər, kitabxanalar tikilərək istifadəyə verilib. Bunların hamısı Kəngərli rayonunun 15 ildə qazandığı uğurlardır. 
Ali Məclisin Sədri sakinləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir. 
 
09.03.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).