14:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələrinin görüşü keçirilib.
 
Martın 9-da Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri əməkdaşlarının görüşü keçirilmişdir.
 
 
Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri əməkdaşlarının iştirak etdiyi görüşdə Naxçıvan Muxtar Respublikası İnsanHüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəşid Talıbov da iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Təhminə Babayeva muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının 2018-ci il və bu ilin ötən dövründəki fəaliyyəti barədə məlumat verərək demişdir ki, qeyd olunan dövrdə mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin "Şərq qapısı"nda, şəhər və rayon qəzetlərində 2431 materialı dərc olunmuş, teleradiolarda 2595 veriliş və xəbər süjeti hazırlanmış, müxtəlif sosial şəbəkələrdə 5082 material yerləşdirilmişdir. Aparılan təhlillər onu göstərir ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin, "Naxçıvanqaz" İstehsalat Birliyinin mətbuatla əlaqəsi zəif qurulmuşdur.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət Miqrasiya Xidməti, "Naxçıvanqaz" İstehsalat Birliyinin rəsmi internet saytlarında təşkilatların fəaliyyəti ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafını, tarixi-mədəni irsini və turizm potensialını əks etdirən fotoşəkillər və videolar yerləşdirilərək fəal təbliğat işi aparılır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Ədliyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Energetika Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytları texniki tələbləri ödəmədiyindən informasiya-məlumatlandırma işi düzgün aparılmır. 
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov tədbirdə çıxış edərək mərkəzi icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya-məlumatlandırma işinin təşkili barədə aparılmış monitorinq nəticələrini və yol verilən nöqsanları diqqətə çatdırmışlar.
İqtisadiyyat nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Çinarə Balayeva və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Rəşid Talıbov təmsil etdikləri qurumların mətbuat və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyəti barədə danışmışlar.
"Şərq qapısı" qəzetinin baş redaktoru Mehriban Sultan və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək mətbuat xidmətləri ilə teleradio və qəzetlər arasında əməkdaşlığın qurulmasında yol verilən nöqsanlardan geniş bəhs etmiş, fəaliyyətin təşkili ilə bağlı məsələlərə toxunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığına uyğun olaraq muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşları ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşünün keçirilməsi bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən dövrdəki fəaliyyəti təhlil edilərkən aydın olmuşdur ki, bəzi mətbuat xidmətləri işini tələb olunan səviyyədə qurmur. Təşkilatların fəaliyyəti, xüsusilə aid sahələr üzrə həyata keçirilən dövlət siyasətinin mahiyyəti barədə analitik materiallar hazırlanmır, təhlil və müqayisələr aparılmır.
Mətbuat xidmətləri ölkə Prezidenti və Ali Məclisin Sədri tərəfindən qəbul olunmuş dövlət proqramlarının icra vəziyyəti barədə məqalələr işləməli, kütləvi informasiya vasitələrindən daxil olan sorğuları operativ formada araşdırmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə cavablandırmalıdırlar. Texniki cəhətdən informasiya-məlumatlandırma işinin təşkilinə imkan verməyən mərkəzi icra hakimiyyəti orqanlarının saytları yenilənməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Energetika Xidmətinin mətbuat xidmətlərinin fəaliyyətində dönüş yaradılmalıdır. Teleradio və qəzetlərin əməkdaşları araşdırma apardıqları mövzu ilə bağlı sorğuları aydın, əhatəli və peşəkar formada təqdim etməli, həmin informasiyalar yayılarkən mətbuat xidmətlərinə istinad olunmalıdır.
Diskussiya şəraitində keçən tədbirdə mətbuat xidmətlərinin və kütləvi informasiya vasitələrinin əməkdaşlarının təkliflərini dinlənilmiş, fəaliyyətin təşkili ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilmişdir.
 
    11.03.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).