11:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Cəzaçəkmə müəssisələrində həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2019-cu ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq martın ayının 15-də Penitensiar Xidmətin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində və Ciddi rejimində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları Rəşad Fərzəliyev, Ramal Bəhlulov, müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak etmişdir.
Tədbirləri giriş sözü ilə Penitensiar Xidmətin əməkdaşı Rəşad Fərzəliyev açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin məhkumların islah olunmasında, o cümlədən onların və müəssisə əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırmışdır. 
Daha sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində Naxçıvanın muxtariyyət statusu, Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqi və konstitusion əsasları barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Naxçıvanın muxtariyyət statusunun əsası ilk dəfə 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi ilə bu status daha da möhkəmləndirilmiş, ərazisi, sərhədləri dəqiqləşdirilmişdir.
A.Abbasov vurğulamışdır ki, Naxçıvana muxtariyyət statusu Moskva və Qars müqavilələri ilə verilsə də, Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevral ayına kimi uzadılmışdır. Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmiş, məhz bu dekretlə Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verilmişdir.
Sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejimində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir. Tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov penitensiar müəssisələrdə məhkumlarla davranışa dair beynəlxalq standartların tələbləri barəsində geniş məlumat vermişdir.
"Hər bir dövlətdə insan hüquq və azadlıqlarının təminatı üçün zəruri hesab olunan şərtlərdən biri də azadlıqdan məhrum edilmiş insanlar üçün onların cəza çəkdikləri yerlərdə insanın normal yaşaması, sağlamlığı üçün zəruri olan şəraitin olduğu penitensiar müəssisələrin olması və müasir beynəlxalq standartlara cavab verən penitensiar qaydaların mövcudluğudur" deyə çıxış edən A.Abbasov qeyd etmişdir ki, məhkumlarla davranışa dair beynəlxalq standartlar məhbuslarla qanuni və ədalətli davranışın təmin edilməsi üzrə öhdəlikləri özündə əks etdirir. 
Penitensiar Xidmətin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində həyata keçirilmiş hüquqi maarifləndirmə tədbirində Ombudsmanın əməkdaşı Asiman Abbasov məhkumların maddi məsuliyyəti ilə bağlı qanunvericiliyin tələbləri barədə danışmışdır. 
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 94-cü maddəsinə əsasən cəzaçəkmə müəssisələrində məhkumlar vurduqları maddi ziyana görə məsuliyyət daşıyırlar.
Məruzəçi əlavə etmişdir ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerində saxlanılan zaman dövlət əmlakına vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar. Maddi ziyanı ödəmək barədə qərar tutulmuş və ya həbs edilmiş şəxsə imza etdirməklə elan olunur. Tutulmuş və ya həbs edilmiş şəxs vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən imtina etdikdə, həmin ziyanın əvəzi ondan məhkəmə qaydasında tutulur.
Daha sonra məruzəçi mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
               15.03.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).