Ombudsman təsisatı insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmidir. Aprelin 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Sədərək rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Fariz Seyidov və Sədərək rayon polis şöbəsin əməkdaşları iştirak etmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Fariz Seyidov açaraq qeyd etmişdir ki, Ombudsman təsisatı ilə birgə hüquqi marifləndirmə tədbirlərinin həyata keçirilməsi polis əməkdaşlarının hüquqi biliklərinin artırılmasında, o cümlədən, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində mühüm rol oynayır. Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Mətin Quluzadə insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi olan Ombudsman təsisatı, Ombudsmanın fəaliyyətinin əsas istiqamətləri barədə danışmışdır. Qeyd olunmuşdur ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanimzləri sırasında bugün dünyada ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Dünyada klassik Ombudsman modeli kimi tanınan bu qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır. M.Quluzadə Ombudsman təsisatı haqqında məlumat verərək bildirmişdir ki, Müvəkkil təsisatı insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün yeni qurumdur. Məruzəçi qeyd etmişdir ki, insan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən etibarən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanun qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Ali Məclisin Sədri tərəfindən "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalanmışdır. Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir. Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır. 11.04.2019
|