21:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Kətə" festivalı böyük maraqla qarşılanıb.
 
Gözəlliklər məskəni, oğuz yurdu Naxçıvan ötən hər gün daha böyük uğura imza ataraq xoşbəxt gələcəyə doğru inamlı addımlarla irəliləyir. Açılan sabah, doğan Günəş özü ilə bu qədim diyara sevinc, bərəkət, bolluq gətirir, firavan yaşayış naminə çalışan insanların arzuları, xəyalları gerçəyə çevrilir. Ötən illərdən daha sayalı, düşərli gələn 2019-cu il də ömrümüzə, günümüzə xoş anlar bəxş edir. Cari ilin "Ailə təsərrüfatları ili" elan olunduğunu nəzərə alsaq, bu sahədə bir-birini əvəzləyən əlamətdar hadisələrin, tədbirlərin keçiriləcəyi gözləniləndir və bütün bunların hər birimizin yaddaşında unudulmaz, dərin izlər buraxacağı şübhəsizdir. Artıq ötən gün bu istiqamətdə növbəti tədbirə start verildi...
Aprel ayının 16-da şəhərimizdə əsl bayram ab-havası hökm sürürdü. Hər qarışında böyük bir tarix gizlənən Naxçıvanqala ikigünlük "Kətə" festivalının keçirilməsi münasibətilə yenə zəhmətkeş insanların yaratdığı bənzərsiz gözəlliklərlə bəzənmişdi. Onu da qeyd edək ki, Naxçıvan təbiəti min bir sərvəti, şəfalı və faydalı bitkiləri ilə burada hər fəslə, hər mövsümə uyğun zəngin mətbəx mədəniyyətinin əsasını qoymuşdur. Bu gün həmin məhsulların təbliğinə xidmət edən mövsümi festivalların keçirilməsi ənənəsinin formalaşdırılması isə əsl yurdsevərlik nümunəsidir. "Kətə", "Göycə", "Arıçılıq məhsulları - bal", "Plov" kimi festivallar bunun bariz sübutudur.
 
 

Festivalda muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətələrin hazırlanması qaydaları nümayiş olunur. Həmişə olduğu kimi, bu dəfə də muzey kompleksinin ərazisində muxtar respublikamızın rayonlarından gəlmiş festival iştirakçıları onlar üçün ayrılmış bölmələrdə öz yerlərini tutmuşdular. Eyni zamanda ictimai iaşə xidmətlərinin təşkili də yüksək səviyyədə idi.
 
 

Tədbirin aparıcıları iştirakçıları salamladıqdan sonra bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli, "Şərur yallıları haqqında" 2018-ci il 24 dekabr tarixli sərəncamları muxtar respublikamızda milli və mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına və təbliğinə hərtərəfli şərait yaradıb.
Aparıcılar naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında da məlumat veriblər. Qeyd olunub ki, xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz kətələri, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir. Belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün xeyli faydalıdır.
 
 

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov çıxış edərək bu barədə ətraflı məlumat verib. 
Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı olaraq izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə ediblər.
 
 

Bölgələrə aid stendlərdə gətirilən məhsulların satışı təşkil olunub. Kətə hazırlamaq üçün lazımi mətbəx ləvazimatları gətirilib, ərazidə təndir qurulub. 
 
 

Mütəşəkkilliyi, rəngarəngliyi ilə seçilən festivalda, əsasən, qadın təsərrüfat sahiblərinin fəallığı, çoxluğu nəzərə çarpırdı. Onlardan Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailə təsərrüfatçısı Yaqut Babayeva deyir ki, festivala rayon ərazisindən yığılmış müxtəlif çeşiddə pencərlər, 5 kiloqram qovurma, 40 litr dovğa, 20 litr ayran çıxarıb. Onun sözlərinə görə, festivala gələnlərin mətbəximizin ləziz yemək növlərindən sayılan kətəyə marağı böyükdür. Qadın sahibkar yaradılan şəraitə və belə bir tədbirin təşkilinə görə zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.
Tədbirdə həmsöhbət olduğumuz Naxçıvan şəhər sakini Ramiz Əliyev belə mədəni tədbirlərin onlarda xoş ovqat yaratdığını deyir: Bu tədbirlərin keçirilməsi milli mətbəx nümunələrimizin tanıdılması, yaşadılması baxımından faydalıdır. Yazda Naxçıvanda ən çox bişirilən yeməklərdən biri də müxtəlif göyərti növlərindən hazırlanmış yeməklərdir. Naxçıvan təbiətinin bizə verdiyi çeşidli nemətlər süfrələrimizin bəzəyidir. Kimisi bu pencərləri qovurmaqla, kimisi kətə hazırlamaqla ondan istifadə edir. Festivalda satılan kətələrin dadı həm də ondadır ki, bu kətələr təndirdə odunla bişirilir. Digər tərəfdən, artıq bu gün şəhər sakinləri də muxtar respublikamızda yaz dövründə bitən hər hansı pencəri buradan tapa bilərlər. Qiymətləri də münasibdir. Mən də ailəmlə birlikdə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının maliyyə dəstəyi ilə "Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi" adlı yeni layihənin icrası üçün Naxçıvana gələn qonaqlar da həm milli mətbəximizlə, həm də muxtar respublikamızdakı qadın ailə təsərrüfatlarının fəaliyyətləri ilə tanış olmaq üçün festivalda iştirak edirdilər. 
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təəssüratlarını bizimlə bölüşərək dedi:
- Dördüncü dəfədir ki, Naxçıvana səfər edirəm. Bizi burada həmişə qonaqpərvərlik və sevinclə qarşılayırlar. Naxçıvana səfərimizin məqsədi Azərbaycan Mikromaliyyə Assosiasiyasının icra etdiyi yeni layihə ilə əlaqədardır. Layihə qadın sahibkarlara kömək məqsədi daşıyır. Bu, onların öz kiçik bizneslərini inkişaf etdirmələrinə səbəb olacaq, burada mövcud olan ənənəvi sənətkarlığın təbliğinə şərait yaradacaqdır.
İlk dəfədir ki, iştirak etdiyim "Kətə" festivalında da muxtar respublikanın müxtəlif rayonlarından və fərqli yaş qruplarından olan qadın ailə təsərrüfatçıları da diyarınızda qadınların sahibkarlığın inkişafında əhəmiyyətli rol oynadıqlarını bir daha təsdiq edirlər. Həyatımda ilk dəfədir ki, kətə yeyirəm, çox gözəl, özünəməxsus dadı var. "Kətə" festivalında tələbələrin təqdim etdiyi rəqs nümunələri də bizim çox xoşuma gəldi.
BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti bildirdi ki, bu, mənim Naxçıvana ilk gəlişimdir. Şəhəriniz çox gözəl və təmizdir, insanlarınız isə qonaqpərvər. Burada keçirilən festival da çox möhtəşəmdir. Muxtar respublika gənclərinin də gülərüzlülüyü, yüksək əhval-ruhiyyəsi diqqətimi çəkdi. Keçirilən fləşmobda gənclərin fəal iştirakı və milli musiqinin təbliğ olunması da təqdirəlayiq haldır. Burada kətənin necə bişirildiyinin şahidi oldum. Kətəni ilk dəfə yedim və çox xoşuma gəldi. Elə düşünürəm ki, dünyanın hansı ölkəsindən bura gəlib bu yeməkləri dadan olsa, mütləq bundan ləzzət alacaq. Mən burada olarkən şahidi oldum ki, kətənin bir çox növü var. Bu ləzzətli təamlardan sevə-sevə dadacağam.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Simona Gatti deyib ki, mən də ilk dəfədir ki, Naxçıvanda oluram. Çox şadam ki, bu səfər "Kətə" festivalı ilə üst-üstə düşübdür. Festival yüksək səviyyədə təşkil edilib. Mən də Azərbaycan xalqının qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməklərindən biri olan kətənin hazırlanması və süfrəyə təqdim edilməsini gördüm, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxdım. İlk dəfə idi ki, kətə dadırdım. Onu deyim ki, çox ləzzətlidir, dadından doymaq olmur. Stendlərin birinə yaxınlaşıb soruşdum ki, bu kətəni belə ləzzətli edən nədir? Öyrəndim ki, onun içərisində minerallar və vitaminlərlə zəngin, insan orqanizmi üçün çox faydalı, Naxçıvanın gözəl təbiətinin bəhrəsi olan bitkilər - siz buna pencər deyirsiniz, - vardır. 
Simona Gatti onu da qeyd edib ki, Naxçıvanda zəngin mətbəx ənənələri həssaslıqla qorunub yaşadılır. Bu həm də yüksək mədəniyyətin göstəricisidir. Digər tərəfdən, öyrəndik ki, bu il Naxçıvanda "Ailə təsərrüfatları ili"dir. Bu festivalda qadın sahibkarların üstünlük təşkil etməsi onu göstərir ki, muxtar respublikada nəinki kişi, həmçinin qadınlar üçün də əlverişli şərait yaradılıb. Onlar öz məhsullarını istehsal edib sata bilirlər. Bu həm də Naxçıvanın kənd yerlərində ailə əməyinə verilən dəyərin göstəricisidir. Əminliklə deyə bilərəm ki, qızımla birgə Naxçıvan səfərimiz çox yaddaqalan olacaq.
Festivala gələnlər arasında digər əcnəbi qonaqlar da az deyildi. Nigeriya vətəndaşı Emmanuel Olumuyiva festivalla bağlı təəssüratlarını bizimlə bölüşdü:
- Naxçıvan mətbəxi çox zəngindir. Kətə haqqında onu deyə bilərəm ki, bu, çox dadlı bir yemək növüdür. Məlumatım var ki, bu kətələr Naxçıvanın dağlarında bitən təbii otlardan hazırlanır. Həmçinin kətə ilə birlikdə təqdim edilən dovğa bu əsrarəngiz ləzzəti tamamlayır. Bu festival Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunu göstərir. 
Festivalda iştirak edən İran İslam Respublikasının vətəndaşı Gülçin Caviddostdan festivalla bağlı təəssüratlarını soruşduqda o bunları dedi: 
- Naxçıvana ilk səfərim deyil. Rəssam olduğum üçün bir neçə dəfə Naxçıvanda keçirilən festivallara dəvət almışam. 
Bu şəhərə hər səfərimdə onun daha da gözəlləşdiyinin şahidi oluram. Sanki bu şəhərə hər yeni gün rəssamın fırçasından yeni rənglər, gözəlliklər əlavə edilir. İştirak etdiyim "Kətə" festivalında ləziz təamların bişirilməsi qaydası ilə tanış oldum. Kətə haqqında onu deyə bilərəm ki, bu, çox dadlı bir yemək növüdür. İranda da belə ayaqüstü yemək növləri var. Ancaq kətədə xüsusi bir dad var. Digər tərəfdən, sizin mətbəx mədəniyyətiniz, süfrə təcrübəniz imkan verir ki, dadlı olanı daha ləzzətli şəkildə süfrəyə təqdim edəsiniz. Məlumat aldım ki, belə festivallar Naxçıvanda artıq ənənə halını alıb. Mən də çalışacağam ki, burada keçirilən festivallarda daha çox iştirak edim.
Xatırladaq ki, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı çıxışları iştirakçılara xoş ovqat bəxş edib. Həmçinin festival üçün ilk sayılan, Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında göstərilən "Yazın ritmi" adlı fləşmob həm yerli sakinlər, həm də xarici qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Bu fləşmob gözlənilməz Azərbaycan milli rəqsi ilə başlayıb. Fləşmobda nağarada ifa olunan Azərbaycan ritmləri tələbələrin rəqsi ilə ahəngdarlıq təşkil edirdi. Sonra tələbələr yallı gediblər.
 
 

Festivalda, həmçinin ağac üzərində oyma, xalçaçılıq, dulusçuluq, papaqçılıq nümunələri, duzdan, müxtəlif pencər növlərindən hazırlanan əl işləri göstərilib.
Qeyd edək ki, 17 ictimai iaşə obyektinin və 183 fiziki şəxsin iştirak etdiyi festival bu gün başa çatacaq. Muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA Naxçıvan Bölməsi, şəhər və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən festivalın sonunda "Ən dadlı kətə" nominasiyası üzrə müsabiqənin qalibləri elan ediləcək. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən seçiləcək, festivalın qalibi, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşəcək, onlara diplomlar təqdim olunacaq.
 
  17.04.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).