6:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi günün əsas tələbidir.
 
Aprel ayının 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Həyata keçirilmiş tədbirdə Ombudsman təsisatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Riçard İsmayılov və hərbi hissənin çavuş, əsgər heyəti iştirak etmişdir.
 
  
Tədbiri giriş sözü ilə Riçard İsmayılov açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır 
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev çıxış edərək hərbi əmlakı zədələmə, xarab etmə və ya məhv etməyə görə cinayət məsuliyyəti barədə danışmışdır. 
Abil Orucəliyev diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348-ci maddəsinə əsasən çağırış və ya müqavilə üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etməsi hərbi xidmət əleyhinə olan cinayət hesab olunur.
Qeyd olunmuşdur ki, hərbi qulluqçuların dövlətə vurduqları ziyanla bağlı məsələlər əlavə olaraq Azərbaycan Respublikasının 10 yanvar 1995-ci il tarixli 947 saylı qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə" ilə tənzimlənir. Bu Əsasnamədə hərbi qulluqçuların əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqları halda maddi məsuliyyət daşımaları qeyd olunmuşdur.
Məruzəçi "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə" barədə məlumat verərək qeyd etmişdir ki, bu Əsasnamənin 3-cü bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam və yaxud cinayət məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilir. Dövlətə ziyan vurmuş şəxs cinayət məsuliyyətinə cəlb edildiyi halda komandir (rəis) bu şəxsə ödənilməmiş ziyanın bütün miqdarı həcmində mülki iddia verməlidir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda mövzuya dair tədbir iştirakçılarını maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
   25.04.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).