"Nuh yurdu" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub. Sual: Ailə kəndli təsərrüfatının əmlakına nələr daxildir? Cavab: Qanunvericiliyə əsasən, təsərrüfat fəaliyyətini həyata keçirmək üçün ailə kəndli təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikililər, qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıqları, pul vəsaiti və başqalarından ibarətdir. Ailə kəndli təsərrüfatının istifadə etdiyi əmlak təsərrüfat üzvlərindən birinin mülkiyyətində, üzvlərin ümumi paylı və ümumi birgə mülkiyyətində və ya icarəsində ola bilər. Ailə kəndli təsərrüfatının əmlakının və torpaq sahəsinin dövriyyəsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ailə kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən fayda (gəlir, artım, bəhər və başqa formalarda) təsərrüfat üzvlərinin ümumi birgə mülkiyyətidir, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təsərrüfat başçısı tərəfindən bölünür. 02.05.2019
|