14:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub.
 
Mayın 7-də Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, qapalı suvarma şəbəkəsi 59 hektar sahədə qurulub. "Qıvraq-1" nasos stansiyası vasitəsilə su Arpaçay sol sahil kanalından Yurdçu kəndindəki hovuza vurulur və öz axını ilə əraziyə ötürülür. Tikinti işləri aparılarkən uzunluğu 1100 metr olan ana xətt və 5470 metr paylayıcı boru xətti çəkilmişdir. Boru xətlərinin üzərində 2 siyirtmə, 63 suvarma hidrantı və dəmir-beton hovuzlar quraşdırılmışdır. Suvarma mövsümü başa çatdıqdan sonra boru xəttindən suyun boşaldılması üçün 2 suboşaldıcı qoyulmuşdur. 
Bildirilmişdir ki, hazırda Kəngərli rayonunda 100 hektara yaxın, Şahbuz rayonunun Türkeş kəndi ərazisində isə 300 hektar sahədə qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yurdçu kəndində qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək demişdir: Kəngərli rayonunun yaradılmasından 15 il ötür. Ötən dövrdə rayon böyük inkişaf yolu keçərək formalaşmış, dövlət strukturlarının fəaliyyətləri üçün lazımi şərait yaradılmışdır. Kəngərli rayonunda əkinəyararlı torpaqların suvarılması da qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə də işlər görülmüş, Böyükdüz və Xok kəndlərində qapalı suvarma şəbəkəsi qurulmuşdur. Bu gün isə Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilir. Artıq rayonda 2 min hektara yaxın ərazi yeraltı şəbəkə ilə əhatə olunmuşdur. 100 hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsinin qurulması isə davam etdirilir. Gələcəkdə Böyükdüz kəndi ərazisindəki qapalı suvarma şəbəkəsi də genişləndiriləcəkdir. Həyata keçirilən tədbirlər rayonda aqrar sahənin inkişafına səbəb olmuşdur. Muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Kəngərli rayonu da iştirak edir. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu sabitliyin və inkişafın ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 
Ali Məclisin Sədri demişdir: Su torpağa həyat verir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi 60 hektara yaxın ərazinin 56 hektara yaxını pay, 2 hektardan çoxu həyətyanı, 3 hekrata yaxını isə yaşıllıqların altında olan torpaqlardır. Ərazinin su təminatı imkan verəcəkdir ki, torpaqlar əkilsin, yaşıllıqlar artsın, bol məhsul istehsal olunsun və əhalinin məşğulluğu təmin edilsin. Torpaqların su təminatının yaxşılaşdırılması ötən illər ərzində Kəngərli rayonunda görülən ən əhəmiyyətli və vacib tədbirlərdəndir. Çünki məhsul istehsalının artması rayonda əhalinin məskunlaşmasını və məşğulluğunu təmin edir, rayonun gəlirləri artır. Böyükdüz kəndi ərazisində qurulan yeraltı şəbəkə hesabına 50-dən artıq sakin işlə təmin olunmuşdur. Məşğulluğun təmin olunması, məhsul istehsalının və əhali gəlirlərinin artması isə muxtar respublikanın inkişafına və ərzaq təhlükəsizliyinə imkan verir. 
"Muxtar respublikanın büdcəsində edilmiş qənaətlər vacib sahələrə yönəldilir. Yurdçu kəndindəki qapalı suvarma şəbəkəsi də muxtar respublikanın büdcəsindən qənaət olunmuş vəsait hesabına qurulmuşdur. Tikintisi davam etdirilən qapalı suvarma şəbəkəsi də bu vəsait hesabına həyata keçirilir. Çünki bu torpaqların əkilməsi həm sakinlər, həm də dövlət üçün əhəmiyyətlidir", - deyən Ali Məclisin Sədri yeni suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir. 
Yurdçu kənd sakini, ziyalı Qadir Məmmədov çıxış edərək demişdir: Bu gün muxtar respublikanın kəndləri abadlaşır, yollara asfalt salınır, yeni məktəblər, sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilir. Kəngərli rayonunun bütün kəndləri abadlaşıb. İnsanların rahat yaşayışı təmin edilib. Torpaqların su təminatının yaxşılaşdırılması, xüsusilə istifadəyə verilən qapalı suvarma şəbəkələri əkinçiliyin inkişafına səbəb olmuşdur. Suvarılan torpaqlar isə bol məhsul deməkdir. Ağac əkənlə su çəkən həmişə xeyir-dua sahibi olar. Yurdçu kəndinin sakinləri əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. Kənddə torpaqların su təminatının yaxşılaşdırılması tütünçülüyün də inkişafına səbəb olacaqdır. Artan yaşıllıqlar arıçılıq üçün də geniş imkanlar açmışdır. Hər bir sakin bilir ki, bu inkişafın bir səbəbi var: o da davam etdirilən Heydər Əliyev siyasi xəttidir. Qadir Məmmədov göstərilən qayğıya görə sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsini işə salmışdır. 
Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin diqqətdə saxlanılması barədə tapşırıqlar vermişdir.
 
 
 
                 08.05.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).