22:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ümummili Lider Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur.
 
Mayın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Riçard İsmayılov və hərbi hissənin çavuş, əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Riçard İsmayılov açaraq qeyd etmişdir ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi ilə bağlı hər il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə müvafiq tədbirlər planı hazırlanır, bu plana uyğun olaraq hərbi hissələrdə hüquqi maarifləndirici tədbirlər həyata keçirilir və bu tədbirlərin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti vardır.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Abil Orucəliyevin "Ümummilli lider Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur" mövzusunda çıxışı dinlənilmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonrakı dövrdə güclü Azərbaycan Ordusunun yaranması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunmuşdur ki, Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi məqsədyünlü tədbirlərin nəticəsində, 1993-cü ildə nizami və qüdrətli Azərbaycan Ordusunun təməli qoyulmuş, əsgər və zabitlərimizin hərbin sirlərinə daha da dərindən yiyələnmələri üçün mühüm şərait yaradılmışdır.
A.Orucəliyev bildirmişdir ki, bu gün Azərbaycanda hərbi quruculuq yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ümummilli liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ordu problemlərini hər an diqqət mərkəzində saxlayır, Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirir.
Vurğulanmışdır ki, bu gün Azərbaycan ordusunda baş verən bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü büruzə verir. Blokada şəraitində olan və düşmənlə üz-üzə dayanan Naxçıvandakı silahlı qüvvələr istər döyüş qabiliyyəti, istərsə də maddi-texniki təchizatı baxımından ən müasir hərbi standartlara cavab verir. Dövlət başçısının "Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
            15.05.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).