8:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

İnsan hüquqlarının müdafiəsində polisin rolu.
 
Mayın 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şahbuz rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Şahbuz rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Yulət Əliyev açaraq qeyd etmişdir ki, Ombudsman təsisatı ilə birgə hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi polis əməkdaşlarının hüquqi biliklərinin artırılmasında, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində mühüm əhəmiyyətə malikdir.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Abil Orucəliyev insan hüquqlarının müdafiəsində polisin rolu barədə danışmışdır. Qeyd olunmuşdur ki, hazırda respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycan Respublikasının qazandığı ən mühüm nailiyyətlərdəndir.
Diqqətə çatdırılmışdır ki, ötən illərdə respublikada cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir çox mühüm qərarlar qəbul olunmuş, daxili işlər orqanlarının fəaliyyətinin qanunvericilik bazası davamlı təkmilləşdirilmişdir.
A.Orucəliyev bildirmişdir ki, Polis haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyətini tənzimləyir. Belə ki, qanuna əsasən, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
Vurğulanmışdır ki, polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqazidd əməllərdən qoruyur.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
        23.05.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).