20:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu müzakirə edilib.
 
Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin iclas zalında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Səyyub Kərimov, Ayaz Məhərrəmov və muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin əməkdaşı Səyyub Kərimov açaraq bildirib ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar zəruri qanunvericilik bazası yaradılıb. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları ictimai birliklər və fondlar haqqında" yeni Qanun qəbul edilib.
Vurğulanıb ki, müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib. Müstəqil Azərbaycan dövlətinin dünya birliyində layiqli yer tutması, sürətli və dinamik inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı mükəmməl, siyasi və iqtisadi konsepsiyalara, mərhələ-mərhələ reallaşdırdığı demokratik, hüquqi və iqtisadi islahatlara söykənir.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev "Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran başlıca vəzifələrdən biri vətəndaş cəmiyyətinə və hüquqi dövlət quruculuğuna keçidi sürətləndirmək idi. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə demokratiya, siyasi plüralizm və vətəndaş cəmiyyətinin qurulması əsas məqsədlər kimi müəyyən edilmiş, ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün tələb olunan normativ-hüquqi baza yaradılmış və təkmilləşdirilməyə başlanılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunun fəaliyyətinə dövlət təminatı verən qanunvericiliyin əsası ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. 
Məruzəçi diqqətə çatdırmışdır ki, 17 aprel 1998-ci il tarixdə "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətə malikdir.
A.Orucəliyev "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu barədə məlumat verərək qeyd etmişdir ki, bu qanun qeyri-hökumət təşkilatlarının yaradılmasını, onların dövlət hakimiyyət orqanları ilə münasibətlərini, həmçinin, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydalarını, onların idarə olunmasının əsas prinsiplərini nizamlayır.
Vurğulanmışdır ki, qeyri-hökumət təşkilatlarının işinin canlanmasında, qarşıya qoyduqları vəzifələrin uğurla yerinə yetirilməsində Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mühüm rolu da danılmazdır. Şura fəaliyyət göstərdiyi dövr ərzində qeyri-hökumət təşkilatlarının bu və ya digər təşəbbüslərinin reallaşdırılmasını, maliyyələşdirilməsini həyata keçirmiş, bununla da Azərbaycan tarixində ilk dəfə olaraq qeyri-hökumət təşkilatlarının öz təşəbbüs və layihələrini həyata keçirmək üçün dövlətdən maliyyə dəstəyi almaları onların fəaliyyətində yeni mərhələnin əsasını qoymuşdur. 
İctimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. Ötən müddət ərzində bu sahədə bir çox hüquqi islahatların aparıldığını deyən məruzəçi bildirib ki, muxtar respublikamızda da bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir, bu sahədə təqdirəlayiq addımlar atılır. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 may tarixli Fərmanı bunun bariz nümunəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda bütün münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərir, vətəndaşlar bu cür təşkilatlarda birləşərək öz maraqlarını təmin etməyə çalışırlar.
Sonra tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşı Ayaz Məhərrəmovun "Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin tələbləri" və Səyyub Kərimovun "Qeyri-hökumət təşkilatlarının fəaliyyəti: vəzifələr və məsuliyyət" mövzularında çıxışları dinlənilmişdir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
 
      24.05.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).