7:15 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
 
Mayın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, İsa Əliyev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Vahidə Bayramova çıxış edərək qeyd etmişdir ki, 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında "1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il iyunun 1-i dünyanın əksər ölkələrində "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunur.
Məruzəçi əlavə etmişdir ki, 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən Uşaq Hüquqları Bəyannaməsi yekdilliklə qəbul edilib ki, bu sənəddə də uşaqların qorunmasının hüquqi və sosial prinsipləri öz əksini tapıb. Sənədin qəbulunda əsas məqsəd uşaqların xoşbəxt böyümələri, həmçinin, onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin etmək olub. Bəyannamənin girişində deyilir ki, uşaqlar fiziki və əqli cəhətdən yetkin olmadıqlarına görə, həm doğulduqdan əvvəl, həm də sonra onların xüsusi müdafiəyə və qayğıya ehtiyacları vardır.
Diqqətə çatdırılıb ki, Uşaq hüquqları Bəyənnaməsində bəyan edilən prinsiplər öz inkişafını Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasında tapıb. 
Azərbaycan Respublikasının 1992-ci il 21 iyul tarixdə "Uşaq hüquqları" Konvensiyasına qeyd-şərtsiz qoşulduğunu, bununla yanaşı bir çox beynəlxalq müqavilələri də ratifikasiya etdiyini diqqətə çatdıran V.Bayramova qeyd etmişdir ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin davam etdirdiyi dövlət uşaq siyasəti artıq bu gün milli strategiya kimi formalaşdırılıb.
Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlar bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Belə ki, muxtar respublikamızda uşaqların rifahı və hüquqi müdafiəsi istiqamətində mühüm işlər görülür, uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hər cür şərait yaradılır. Muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi gücləndirilmiş, bu sosial qrupdan olan şəxslər üçün yaşayış binaları, fərdi mənzillər tikilmiş, onların tibbi və sosial reabilitasiyası məqsədilə müasir avadanlıqlar quraşdırılmış, Naxçıvan Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi, həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı" və "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı" uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
            30.05.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).