23:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikanın cəzaçəkmə müəssisələrində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq iyunun ayının 12-də Penitensiar Xidmətin İstintaq Təcridxanası və Mühafizə taborunda, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları Rəşad Fərzəliyev, Əli Rəhimov müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak etmişdir.
Tədbirləri giriş sözü ilə Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin məhkumların islah olunmasında, o cümlədən onların və müəssisə əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırmışdır. 
Daha sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi Rejim-1 bölməsində Ümummilli lider Heydər Əliyev və humanist cəza siyasəti barəsində tədbir iştirakçılarına məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qəbul edilən normativ hüquqi aktlar, imzaladığı fərmanlar tam hüquqi, demokratik dövlətin formalaşmasına xidmət etmişdir. 
A.Abbasov vurğulamışdır ki, Ümummilli lider bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutmuşdur. Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan inamını daha da artırmışdır.
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən islahatların ən mühüm istiqaməti isə yaşamaq hüququnun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər olmuşdur. Məhz Heydər Əliyev humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılmış və Azərbaycan Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşmüşdür.
Sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejimində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir. Tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günüdür mövzusunda çıxışı dinlənilmişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına uyğun olaraq, hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Qeyd olunmuşdur ki, Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 
Ulu öndər tərəfindən imzalanan "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Pro-qramının təsdiq edilməsi haqqında" 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir.
Penitensiar Xidmətin İstintaq Təcridxanasında və Mühafizə Taborunda davam etdirilən hüquqi maarifləndirmə tədbirində Asiman Abbasov Müvəkkilin Preventiv mexanizm funksiyasının icrasından irəli gələn vəzifələrdən danışmışdır.
A.Abbasov Ombudsman təsisatı haqqında məlumat verərək bildirmişdir ki, Müvəkkil təsisatı insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün yeni qurumdur. 
Məruzəçi qeyd etmişdir ki, insan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən etibarən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanun qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Ali Məclisin Sədri tərəfindən "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalanmışdır. 
Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir. Qanununun 1.2-ci maddəsində qeyd olunur ki, Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir.
Daha sonra məruzəçi mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
      12.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).