12:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi günün əsas tələbidir. 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir. 
 
 
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev və N saylı zastavaların çavuş və əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev açaraq Ombudsman təsisatı ilə birgə hüquqi marifləndirmə tədbirlərinin həyata keçirilməsinin hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasında, o cümlədən, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Mətin Quluzadənin "Ümummilli lider Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur" mövzusundakı çıxışı dinlənilmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonrakı dövrdə güclü Azərbaycan Ordusunun yaranması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
M.Quluzadə bildirmişdir ki, bu gün Azərbaycanda hərbi quruculuq yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ümummilli liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. 
Vurğulanmışdır ki, bu gün Azərbaycan ordusunda baş verən bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü büruzə verir. Blokada şəraitində olan və düşmənlə üz-üzə dayanan Naxçıvandakı silahlı qüvvələr istər döyüş qabiliyyəti, istərsə də maddi-texniki təchizatı baxımından ən müasir hərbi standartlara cavab verir. Dövlət başçısının "Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır.
Sonra "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı digər sərhəd zastavalarında da hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Tədbirlərdə Ombudsmanın əməkdaşı Mətin Quluzadənin 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günüdür mövzusunda çıxışı dinlənilmişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına uyğun olaraq, hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
 
 
Qeyd olunmuşdur ki, Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 
Ulu öndər tərəfindən imzalanan "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir.
M.Quluzadə bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. 
Vurğulanmışdır ki, hüquqi, demokratik dövlət quruculuğunun ən mühüm amili olan insan hüquq və azadlıqlarının müdafiəsinin təminatı ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da kompleks şəkildə davam etdirilməkdədir.
Həyata keçirilən hüquq islahatlarının davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılmışdır. Həyata keçirilmiş bu tədbirlər insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir.
Daha sonra məruzəçi mövzularla bağlı tədbir iştirakçılarının ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
12.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).