1:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.
 
18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib. 
 
 

Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq bildirib ki, Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 
Qeyd olunumuşdur ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur.
Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırmışdır. 
Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir.
Bu sahəyə qayğının ifadəsi kimi ölkə prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında" Sərəncamına uyğun olaraq hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur və muxtar respublikada da bununla bağlı hər il müxtəlif tədbirlər həyata keçirilir. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova çıxış edərək bildirib ki, muxtar respublikada insan hüquq və azadlıqları daim diqqət mərkəzində saxlanılır, muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında" Sərəncamı insan hüquqlarına verilən diqqətin bariz təzahürüdür. 
Müvəkkil qeyd edib ki, bilik yarışmasının keçirilməsində əsas məqsəd muxtar respublikada yaşayan gənclərin hüquq sahəsinə olan maraqlarının artırılması, ölkəmizdə vətəndaş hüquq və azadlıqlarının təbliği, gənclərin bu istiqamətdə stimullaşdırılması, həmçinin Naxçıvanın muxtariyyətinin tarixi və hüquqi aspektlərinin hərtərəfli öyrənilməsi, eyni zamanda ölkəmizdə müasir, dünyəvi və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlətçiliyin formalaşması, Azərbaycan Respublikası Konstitusiyasının əvəzsiz rolunun daha da dərindən öyrənilməsinin təşviq edilməsi, gənclərin vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, istedadlı gənclərin aşkar edilməsi və muxtar respublikada olan istedad potensialının inkişafının stimullaşdırılmasından ibarətdir. 
Ombudsman Ülkər Bayramova belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayacağını vurğulayaraq tələbələrə bilik yarışmasında uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkəmizdə olduğu kimi muxtar respublikamızda da uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafıq dövlət proqramların uğurla həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir. 
İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışmasına start verilib. 
 
 

Yarışda Naxçıvan Dövlət və "Naxçıvan" universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, həmçinin Naxçıvan Dövlət Texniki, Naxçıvan Tibb və Naxçıvan Musiqi kolleclərinin tələbələri iştirak ediblər. İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektlərinə dair suallar üzrə biliklərini sınayıblar. 
"Naxçıvan" Universitetinin "Aran" komandası birinci, Naxçıvan Dövlət Universitetinin "Qurtuluş" komandası ikinci, Naxçıvan Müəllimlər İnstitutunun "Qılınc və qələm" komandası isə üçüncü yerə layiq görülüblər. 
Orta ixtisas təhsili müəssisələri tələbələri arasında isə Naxçıvan Dövlət Texniki Kollecinin "Zirvə" komandası birinci, Naxçıvan Tibb Kollecinin "İbn Sina" komandası ikinci, Naxçıvan Musiqi Kollecinin "Melodiya" komandası üçüncü yeri tutublar.
Sonda qalib gəlmiş və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəxri fərmanları və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun diplomları ilə təltif olunublar.
 
 
 
            18.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).