0:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmanların XVI beynəlxalq konfransında iştirak edib.
 
18-19 iyun 2019-cu il tarixlərində Bakı şəhərində "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Beynəlxalq Konfransı keçirilmişdir. 
Dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin ombudsmanlarının, insan hüquqları sahəsində beynəlxalq ekspertlərin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etdiyi beynəlxalq konfransda Naxçıva Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova da iştirak etmişdir.
 
 

Konfransda Ombudsman Ülkər Bayramova "Naxçıvan Muxtar Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sahəsində görülən işlər" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatlar insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, hüquq bərabərliyinin və dayanıqlı inkişafın təmin edilməsinə yönəlmişdir.
Qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin Azərbaycan Respublikasında "İnsan Hüquqları Günü" elan olunması bu sahəyə göstərilən diqqətin daha bir bariz nümunəsidir. 
Ombudsman vurğulamışdır ki, ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirərək, insan hüquqlarının müdafiəsi sahəsində çox sayda beynəlxalq sənədlərə qoşulub və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.
Dayanıqlı İnkişaf Məqsədləri barədə danışan Ülkər Bayramova Azərbaycan Hökumətinin bu proqramı uğurla icra etdiyini söyləyib. Qeyd edilmişdir ki, ölkəmiz BMT-yə üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş 17 məqsəd, 169 hədəf, 232 indikatorlardan ibarət Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. 
Hər kəs üçün inklüziv təhsil, gender bərabərliyi, ailələrə dəstək, müasir təhsil və sosial xidmət sistemi, özünəməşğulluğun təminatı, səmərəli məşğulluq və digər bu kimi məsələləri ön plana çəkən dayanıqlı inkişaf məqsədləri bilavasitə və ya dolayısı ilə insan hüquqlarının təmin olunmasına və hüquq bərabərliyinə yönəlmişdir.
Müvəkkil diqqətə çatdırmışdır ki, dayanıqlı inkişafa, insanların rifahının yüksəlməsinə yönəlmiş tədbirlər muxtar respublikada da uğurla davam etdirilməkdədir. Bu gün muxtar respublikada ölkə Konstitusiyasında təsbit edilən bütün fundamental hüquq və azadlıqlar, o cümlədən bərabərlik hüququ, əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyinin bərabər şəraitdə və bərabər imkanlarla davamlı təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı" bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial xidmət, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlər görülür.
Muxtar respublikada həssas əhali qruplarının maraqlarına maksimum cavab verən alternativ sosial xidmətlər yaradılır, sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi gücləndirilir, bu sosial qrupdan olan şəxslər üçün yaşayış binaları, fərdi mənzillər tikilir, onların tibbi, sosial reabilitasiyası məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş Naxçıvan Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi, həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilib.
Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi sağlamlıq imkanları məhdud uşaqların inklüziv və məsafədən təhsilinə geniş imkanlar yaratmaqla, əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verməyən uşaqların təhsil hüququnu təmin edib. Həmçinin Naxçıvan Regional İnformasiya Mərkəzində görmə və eşitmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audio və elektron kitabxana xidmətinin göstərilməsi, görmə qabiliyyəti məhdud şəxslər üçün brayl yazı sisteminin və kompüterin tədrisi kurslarının təşkili onların öyrənməsinə, cəmiyyətə inteqrasiya olunmasına xidmət edir.
Qeyd olunmuşdur ki, əhalinin sosial rifah halının yaxşılaşdırılması və dayanıqlı inkişafın təmin edilməsində məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016- 2020-ci illərdə muxtar respublikada əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. 
Diqqətə çatdılmışdır ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması onların maddi rifah halının və məşğulluğunun təmin edilməsinə yönəlmiş əsas tədbirlərdəndir. 2019-cu ilin muxtar respublikada "Ailə təsərrüfatları ili" elan edilməsi ailələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, özünəməşğulluğun və sahibkarlığın inkişafına xidmət edir. Ailə biznesinin bir forması olan ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi yeni dövrün iqtisadi mexanizmi və dayanıqlı inkişafı təmin edən ən mühüm amillərdən biridir. Ailə təsərrüfatı ilində ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşdırılması, yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, onların fəaliyyətinin stimullaşdırılmasına dövlət dəstəyinin göstərilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir.
Qeyd olunmuşdur ki, müasirləşən və davamlı inkişaf edən muxtar respublikada qadınların hüquqlarının daha səmərəli təmin edilməsi, onların ictimai-siyasi, sosial-mədəni həyata daha fəal cəlb edilməsi iqtisadiyyatın və sahibkarlığın inkişafına təkan verir. Qadınlara hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm addımlar atılır, əlverişli hüquqi baza qurulur. Nəticə etibarilə qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması məşğulluğun təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qadın sahibkarlığın inkişafı, bunun üçün stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması, Naxçıvanda qadınların öz potensiallarının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı aztəminatlı və sağlamlıq imkanları məhdud ailələrin üzvü olan qadınların arasında məşğulluğun təmin edilməsi tədbirləri həyata keçirilir.
Bildirilmişdir ki, muxtar respublikada gənclərin hərtərəfli inkişafı, təhsili, sosial problemlərinin həlli diqqət yetirilən əsas məsələlərdən biridir. Gənc istedadlara dövlət qayğısının artırılması, gənc istedadların "Qızıl kitabının" təsis edilməsi, Naxçıvan şəhərində "Gənclər Evi"nin, elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlərin istifadəyə verilməsi onların inkişafı, yüksək səviyyədə təhsili, asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. 
Ombudsman vurğulamışdır ki, insan hüquq və azadlıqlarının təmin olunmasına və hüquq bərabərliyinə yönəlmiş dayanıqlı inkişaf məqsədlərinin icrası muxtar respublikada daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbir öz işini iclas və müzakirələrlə davam etdirmişdir.
İyunun 19-da Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransı başa çatmışdır. 
 
 
 
        20.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).