5:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır.
 
Naxçıvan Muxtar Respublikasında bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilmişdir. İyunun 10-dan etibarən taxıl biçininə başlanılmışdır. Yaradılan şərait, texnika və kombayn təminatı biçin kompaniyasının itkisiz aparılmasına imkan verir.
İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır. 
Məlumat verilmişdir ki, toxumçuluq təsərrüfatı tərəfindən bu ilin məhsulu üçün 1037 hektar sahədə taxıl əkilmişdir. Əkin şırım üsulu ilə aparılmış, yerli iqlim şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldar "Qobustan", "Quality" və "Bezost" toxum sortlarından istifadə olunmuşdur. Əraziyə normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına səbəb olmuşdur. Biçinə təsərrüfatın 6 kombaynı cəlb edilmiş, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılmışdır. Bugünə qədər 173 hektar sahə biçilmişdir. Biçilən ərazi ardıcıl şəkildə şumlanır ki, bu da növbəti ilin məhsuldarlığına mühüm təsir göstərir. Hazırda ərazidə məhsuldarlıq 30 sentnerə yaxındır. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər öz nəticəsini verir. Daxili bazarın qorunması, mütərəqqi suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, texnika və gübrə təminatı, istehsal olunmuş məhsulun satışı üçün hərtərəfli şəraitin yaradılması taxılçılığın inkişafına səbəb olmuşdur. Hazırda muxtar respublikada taxıl biçini aparılır. Biçinə 100-ə yaxın kombayn cəlb olunmuşdur. Yaradılan şərait, xüsusilə taxıl və qarğıdalının alış qiymətlərinin artırılması həm məhsul istehsalına, həm də bu yolla əhalinin məşğulluğunun təmin olunmasına stimul verir. 
Ali Məclisin Sədri demişdir: Muxtar respublikada taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, taxıl əkini sahələri və məhsuldarlıq artırılmalı, tələbat 100 faiz yerli istehsal hesabına ödənilməlidir. "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahəsi də vaxtilə istifadə olunmayan torpaqlardı. Lakin yaradılan şərait, qapalı suvarma şəbəkəsinin qurulması uzun illər istifadəsiz qalmış bu torpaqlarda bol məhsul istehsal etməyə imkan verir. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su və texnika təminatı sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir. 
Ali Məclisin Sədri "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə təşəkkürünü bildirmiş, muxtar respublikanın toxuma olan tələbatının yerli istehsal hesabına ödəniləcəyinə əminliyini ifadə etmişdir. 
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov rayonda əkinçiliyin, o cümlədən taxılçılığın inkişafı üçün ardıcıl tədbirlərin görüldüyünü bildirmiş, yaradılan şəraitə görə rayonun torpaq mülkiyyətçiləri və bütün sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 
Muxtar respublikada taxıl biçinində iştirak edən kombayn, maşın və mexanizmlərin davamlı işləməsi təmin edilmiş, zəruri ehtiyat hissələri alınmış, texniki xidmət təşkil olunmuşdur. Həmçinin taxıl zəmilərində yanğın təhlükəsizliyi tədbirləri də diqqətdə saxlanılmışdır. 
 
  
Ali Məclisin Sədri taxıl biçininin iyulun 25-dək başa çatdırılması, növbəti əkin mövsümündə dəmyə əkininə daha çox üstünlük verilməsi, eləcə də torpaq mülkiyyətçilərinin sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi barədə tapşırıqlar vermişdir.
 
 
 
25.06.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).