11:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilmişdir.
 
İyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilmişdir. 
 
 
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir. 
1. 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev demişdir ki, görülmüş tədbirlərin nəticəsində muxtar respublikada aqrar sahənin inkişafı təmin edilmiş, 2019-cu ildə 27 min 231 hektar sahədə yazlıq əkin keçirilmiş, cari ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilmişdir. Hazırda muxtar respublikada taxıl biçini davam etdirilir. Bu il tədarük məntəqələri məhsul istehsalçılarından buğdanın hər kiloqramını 35, arpanın hər kiloqramını 30, qarğıdalının isə hər kiloqramını 40 qəpikdən qəbul edir. Muxtar respublikada tütünçülüyün də inkişafına diqqət artırılmış, 50,5 hektar sahədə tütün əkilmiş, 317,2 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin aparılmışdır. 2019-cu ilin ötən dövründə kənd təsərrüfatının inkişafı ilə bağlı banklar tərəfindən 4 milyon 789 min 600 manat kredit verilmiş, məhsul istehsalçıları 7079 ton mineral gübrə ilə təmin olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 133 milyon 73 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,2, süd istehsalı 1,5, yun istehsalı 1,6, yumurta istehsalı 1,3 faiz artmışdır. Kənd təsərrüfatının dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərmiş, nəticədə bu ilin 6 ayında muxtar respublika üzrə 40 milyon 359 min Amerika Birləşmiş Ştatları dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. 
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək demişdir ki, 2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 64 milyon 357 min manat həcmində inşaat işləri yerinə yetirilmişdir ki, bunun da 60 milyon 751 min manatını və ya 94,4 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir. Bəhs olunan dövrdə Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində tam orta məktəb binaları, Naxçıvan şəhərində uşaq bağçası və Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsi üçün tədris kompleksi istifadəyə verilmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri və Şərur Rayon Uşaq Xəstəxanasının yenidənqurulması, Kərimbəyli kəndində və Ordubad rayonunun Dəstə kəndində həkim ambulatoriyalarının tikintisi başa çatdırılmışdır. Həmçinin bu dövrdə Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin, eləcə də 6 tam orta məktəb binasının və 1 musiqi məktəbinin tikintisi, 3 məktəb binasının isə yenidən qurulması davam etdirilir. Həmçinin muxtar respublikada 4 həkim ambulatoriyası, 10 xidmət və 11 kənd mərkəzi tikilir. 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov demişdir ki, 2019-cu ilin 6 ayında sosial-iqtisadi həyatın bütün sahələri üzrə inkişaf istiqamətləri qorunub saxlanılmış, müsbət irəliləyişlərə nail olunmuşdur. Bu dövrdə iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 278 milyon 115 min manat olmuşdur. Ümumi daxili məhsulun 57,5 faizi və ya 734 milyon 701 min manatı istehsalın payına düşmüşdür. Hesabat dövründə bir il öncəyə nisbətən sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,8 faiz, informasiya və rabitə xidmətləri 3,9 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 4,6 faiz artmışdır. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala 554 milyon 460 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Bu dövrdə muxtar respublikada tikinti və yenidən qurmadan sonra ümumilikdə 67 obyekt istifadəyə verilmişdir. 157 obyektin tikintisi və ya yenidən qurulması isə davam etdirilir. Bu ilin birinci yarısında muxtar respublikada 1173 yeni iş yeri açılmışdır ki, bunun da 99 faizi daimi iş yerləridir. Muxtar respublikada 219 milyon 443 min Amerika Birləşmiş Ştatları dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 191 milyon 612 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, 164 milyon Amerika Birləşmiş Ştatları dollarına yaxın məbləğdə müsbət saldo yaranmışdır. Bu dövrdə muxtar respublikada əhalinin sayı artaraq 457 min nəfərdən çox olmuşdur. Yeni doğulanlarla yanaşı, müsbət miqrasiya saldosu da əhali artımına imkan yaratmışdır. Həmçinin ilin birinci yarısında muxtar respublikaya 196 min 474 turist gəlmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir. 
Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2018-ci ildə gəlirləri 73 milyon 400 min manat təyinata qarşı 86 milyon 794 min 879 manat və ya 118,2 faiz icra olunmaqla büdcəyə 13 milyon 394 min 879 manat artıq vəsait mədaxil edilmişdir. Büdcə gəlirlərinin 84,3 faizi və ya 73 milyon 205 min 241 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 10,8 faizi və ya 9 milyon 378 min 630 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 4,3 faizi və ya 3 milyon 743 min 409 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 467 min 599 manatı isə digər mənbələr hesabına daxil olmuşdur. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 355 milyon 300 min manat proqnoza qarşı 354 milyon 466 min 625 manat və ya 99,8 faiz icra olunmuşdur. 2018-ci ildə büdcə xərclərinin 64,5 faizi və ya 228 milyon 634 min manatı cari xərclərə, 35,5 faizi və ya 125 milyon 832 min manatı isə əsaslı xərclərə yönəldilmişdir. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar tərəfindən mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət olunmuş, nəticədə 2 milyon 141 min manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınmışdır.
Sessiyada "Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilmişdir. 
Ali Məclisin Sədri 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulamışdır.
 
 
Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası öz işini başa çatdırmışdır.
 
       29.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).