15:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman təsisatında 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
 
Yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova giriş sözü ilə açaraq bildirmişdir ki, muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2019-cu ilin birinci yarısında da uğurla davam etdirilmişdir.
 
 
Qeyd edilmişdir ki, cari ilin ötən dövründə təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi, aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Ombudsman Ülkər Bayramova bildirmişdir ki, 2019-cu ilin ötən dövrü ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılmış, aid qurumlara sorğular göndərilmiş və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilmişdir. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər vaxtında araşdırılmışdır. 
Vurğulanmışdır ki, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. Cari ilin birinci yarısında Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir. Belə ki, 2019-cu ilin birinci yarısında hərbi qulluqçuların, məhkumların və əhalinin digər sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi diqqət mərkəzində saxlanılmış, təsisat tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 36 tədbir keçirilmişdir. 
Qeyd edilmişdir ki, 2019-cu ilin birinci yarısında Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 27 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 56 başçəkmə həyata keçirilmişdir. 
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yeniləndiyini, qanunvericilik bazasının zənginləşdirildiyini, həmçinin insan hüquqlarının müdafiəsində hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edən Müvəkkil Ülkər Bayramova vurğulayıb ki, ötən 6 ay ərzində təsisat tərəfindən həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri ilə bağlı 11 veriliş və 3 müsahibə Naxçıvan Dövlət Radiosunda və "Naxçıvanın səsi" radiosunda səsləndirilmiş, 43 hüquqi marifləndirici yazı "Şərq qapısı" qəzetində və muxtar respublikanın rayon (şəhər) qəzetlərində dərc edilmiş, 15 informasiya materialı digər kütləvi informasiya vasitələrində, 72 informasiya materialı Ombudsmanın rəsmi internet səhifəsində yerləşdirilmiş, ümumilikdə isə hüquqi maarifləndirmə tədbirləri və yazılarla bağlı 144 informasiya materialı Ombudsmanın rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi, turizm potensialı və həyata keçirilən digər tədbirlərlə bağlı muxtar respublikanın kütləvi informasiya vasitələrində verilən informasiya materiallarına dair 107 informasiya materialı Müvəkkilin rəsmi internet səhifəsində işıqlandırılmış, muxtar respublikada görülən işlərin təhlilinə xüsusi diqqət yetirilmişdir. Cari ilin birinci yarısında Müvəkkilin fəaliyyəti, dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sahəsində, həmçinin, muxtar respublika əhəmiyyətli tədbirlər barədə Ombudsmanın rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində ümumilikdə 251 informasiya materialı işıqlandırılmışdır.
 
 
Daha sonra Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq bildirmişdir ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirməli və mütəmadi olaraq təkmilləşdirməlidir.
Sonra yığıncaqda məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Babək Hacıyev, Abil Orucəliyev və Vahidə Bayramova görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vuraraq bildirmişdir ki, təsisat tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.
 
   04.07.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).