22:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı tikilir.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir. 
Avqustun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında görülən işlərlə maraqlanmışlar. 
 
 
Məlumat verilmişdir ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Ümumi sahəsi 250 kvadratmetr olan zolaqda əsas tikinti işləri başa çatdırılmış, uçuş və enmə zonasında maneələr aradan qaldırılmışdır. Zolağın alt qatı mərhələli şəkildə bərkidilmiş, mühəndis-kommunikasiya xətləri, eləcə də yağış və qrunt sularının axıdılması üçün drenaj və kollektorlar çəkilmiş, asfalt örtük salınmışdır. Tikinti işləri iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınmaqla aparılır, keyfiyyətli tikinti materiallarından istifadə olunur.
 
 
Uçuş-enmə zolağının naviqasiya və işıqlandırma sistemləri də tam müasir tələblər səviyyəsində olacaqdır. Gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağı hər iki istiqamətində işıq-siqnal avadanlıqları ilə təmin olunacaqdır. Tikinti işləri aparılarkən ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış metroloji radiolokator quraşdırılmış, radiorabitə vasitələri yenilənmişdir. Bu da yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcəkdir. Uçuş-enmə zolağında enişə yaxınlaşma sistemlərinin quraşdırılması hesabına dumanlı hava şəraitində qərarın qəbul edilməsi hündürlüyü 30 metrdən 400 metrədək olacaqdır. Yaradılan şərait hava limanının tam fasiləsiz fəaliyyət göstərməsinə, ən əsası isə geniştutumlu istənilən hava gəmilərinin qəbuluna imkan verəcəkdir. 
 
 
Ali Məclisin Sədri uçuş-enmə zolağının inşasında əməyi olanlara təşəkkürünü bildirmiş, keyfiyyətin bundan sonra da diqqətdə saxlanılması barədə tapşırıqlar vermişdir.
 
 
 
            02.08.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).