4:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Ordubad rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Sentyabr ayının 5-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Ordubad rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Ordubad rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
 
 

Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev giriş sözü ilə açaraq qeyd etmişdir ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis, idarə, şöbə və bölmələrində bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov tədbirdə inzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq hər kəsin azadlıq hüququ vardır. Bu hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. 
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasına görə səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
Ombudsmanın əməkdaşı çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər.
Məruzəçi əlavə etmişdir ki, "Polis haqqında" Azərbaycan Respublikası qanununun 21-ci maddəsinə əsasən polis əməkdaşı hakimin qərarına əsasən tutulma və həbsəalma yolu ilə cinayət və ya inzibati hüquqpozma törədilməsində şübhəli olduqda, yaxud cinayət və ya inzibati hüquqpozma törətməsinə görə həbs olunduqda, yetkinlik yaşına çatmamış şəxs üzərində tərbiyəvi nəzarət həyata keçirildikdə və ya səlahiyyətli orqana gətirildikdə, yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındıqda, habelə ruhi xəstələr, alkoqoliklər, narkomanlar və avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə, şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısı alındıqda və ya şəxs ölkədən çıxarıldıqda, yaxud başqa dövlətə verildikdə, təqsirləndirilən şəxsin, cavabdehin, şahidin məhkəmə iclasına gəlməsini təmin etdikdə, atalığın müəyyənləşdirilməsi üçün test keçirildikdə, psixi müayinə aparıldıqda və ya hər hansı öhdəliyin yerinə yetirilməsi (müqavilə öhdəlikləri istisna olmaqla) təmin edildikdə şəxsin azadlıq hüququnu məhdudlaşdıra bilər.
Vurğulanmışdır ki, şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda isə polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. 
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
05.09.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).