5:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Psixi pozuntusu olan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi diqqət mərkəzindədir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə sentyabrın 6-da Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 

Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Sadiq Babayev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov, Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsi ilə bağlı hər il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə müvafiq tədbirlər planı hazırlandığını və bu plana uyğun olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayev çıxış edərək "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətlər Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə tənzimlənir.
S.Babayev qeyd etmişdir ki, "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən psixi pozuntusu olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər. Psixi pozuntusu olan şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilə bilər.
Məruzəçi əlavə etmişdir ki, psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımına ehtiyacı olan şəxs müayinə və müalicə olunmaq məqsədi ilə psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi, yəni psixiatriya müəssisəsində (psixonevroloji müəssisədə) yerləşdirilirlər.
Vurğulanmışdır ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda Müvəkkilin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq hüququ təsbit olunmuşdur.
Qeyd olunmuşdur ki, ötən müddət ərzində Preventiv qrup tərəfindən Dispanserdə müalicə alan pasiyentlərin saxlanma şəraiti, pasiyentlərin milli və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə mütəmadi olaraq başçəkmələr həyata keçirilmiş və həkim-psixiatrların, digər mütəxəssislərin, orta və kiçik tibb işçilərinin psixiatriya yardımı göstərilməsinə dair fəaliyyətlərinə, o cümlədən psixiatriya yardımı göstərilərkən pasiyentlərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, pasiyentlərlə rəftara dair hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Sonra məruzəçi "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
         06.09.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).