10:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 8 ştat vahidi müəyyən edilsin.
3.Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun xərclər smetasını və ştat cədvəlini müəyyən etsin;
3.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.
 
Naxçıvan Muxtar Respublikası
        Ali Məclisinin Sədri   Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 13 sentyabr 2019-cu il
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun NİZAMNAMƏSİ
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
 
1.Ümumi müddəalar
 
1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu (bundan sonra - Fond) "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 07 sentyabr tarixli 397-05/S nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır.
1.2. Fond dövlət sifarişi əsasında təbiət, texniki, humanitar və ictimai sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Nizamnaməni rəhbər tutur.
1.4. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Fond öz fəaliyyətini şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur.
1.6. Fond müstəqil balansa, xəzinə hesabına, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamp və blanka malikdir.
1.7. Fondun fəaliyyəti və saxlanma xərcləri dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.8. Fond Naxçıvan şəhərində yerləşir.
 
2.Fondun əsas məqsədi və vəzifələri
 
2.1. Fondun əsas məqsədi Naxçıvan Muxtar Respublikasında elmi müəssisə və təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi, eksperimental, akademik, innovativ, nəzəri elmi-tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri (bundan sonra - layihələr) qrant şəklində ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaq, habelə elm müəssisələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən tədbirləri həyata keçirmək yolu ilə Naxçıvan Muxtar Respublikasında elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə etmək, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltmək və dövlətin elmi informasiya və innovasiya ehtiyatlarını artırmaqdır.
2.2. Fondun vəzifələri aşağıdakılardır:
2.2.1. elmin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.2.2. elmin inkişafı üzrə milli strategiyaların məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək;
2.2.3. Naxçıvan Muxtar Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, təbii resursların, mədəni və tarixi irsin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını, ölkə və dünya elmi məkanında Naxçıvan Muxtar Respublikasında əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək;
2.2.4. elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək;
2.2.5. öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək;
2.2.6. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
 
3.Fondun funksiyaları
 
3.1. Fond bu Nizamnamə ilə müəyyən olunmuş vəzifələrinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
3.1.1. bu Nizamnaməyə uyğun olaraq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil edir;
3.1.2. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və elmi-mədəni inkişafına müvafiq olaraq müsabiqə üçün prioritet elmi istiqamətləri müəyyən edir;
3.1.3. layihələrin idarə edilməsi qaydalarını və maliyyələşdirilməsi məqsədi ilə müsabiqələrin keçirilməsi qaydalarını müəyyən edir;
3.1.4. müsabiqəyə təqdim edilən layihələrə baxılması qaydalarını müəyyən edir;
3.1.5. müsabiqə yolu ilə layihələrin seçilməsini təşkil və təmin edir;
3.1.6. qanunvericiliyə, o cümlədən bu Nizamnaməyə uyğun olaraq layihələri maliyyələşdirir, Fond tərəfindən ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət edir, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə maliyyələşdirmənin dayandırılması və verilən vəsaitin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür;
3.1.7. digər qrant ayıran yerli və xarici qurumlarla və şəxslərlə birgə elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsi barədə qərarlar qəbul edir;
3.1.8. qrant layihələri çərçivəsində elmi məqsədlər üçün tələb olunan əsas vəsaitləri (elmi cihazları, avadanlıq və qurğuları, elmi fəaliyyət üçün məmulatları, ləvazimat və qeyri-maddi aktivləri və s.), iş və xidmətləri qanunvericiliyə uyğun satın alaraq, layihə icraçılarına təyinatı üzrə istifadə üçün təhvil verir;
3.1.9. müsabiqəyə təqdim edilən və icrası başa çatmış layihələrin ekspertizadan keçirilməsini təşkil edir, qrant yolu ilə yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və müvafiq hesabatları qəbul edir;
3.1.10. dövlət orqanları ilə elmi müəssisə və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir;
3.1.11. elmi-tədqiqat layihələrinin dəstəklənməsi və maliyyələşdirilməsi ilə bağlı ictimai rəyin öyrənilməsini təşkil edir;
3.1.12. bu Nizamnaməyə müvafiq olaraq elmi müəssisə və təşkilatlarına, digər qurumlara və fiziki şəxslərə müsabiqə əsasında maliyyə dəstəyinin göstərilməsi üçün müvafiq tədbirləri həyata keçirir;
3.1.13. maliyyə yardımından istifadə etmək üçün elmi müəssisə və təşkilatlarına, digər qurumlara və fiziki şəxslərə bərabər şərait və imkanlar yaradılmasını təmin edir;
3.1.14. layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən edir, bununla əlaqədar zəruri tədbirləri həyata keçirir;
3.1.15. layihələrin həyata keçirilməsi məqsədi ilə müsabiqələri təşkil edir və bununla bağlı:
3.1.15.1. elanlar verir;
3.1.15.2. layihələr üzrə vəsaitin miqdarını müəyyənləşdirir;
3.1.15.3. layihələrin təqdim olunma formalarını, müddətlərini və zəruri sənədlərin siyahısını müəyyən edir;
3.1.15.4. təqdim olunmuş layihələrin qiymətləndirilməsi işini həyata keçirir;
3.1.15.5. layihələri məqbul hesab edilən elmi müəssisə və təşkilatlarının və digər qurumların nümayəndələri və fiziki şəxslərlə şifahi müsahibə keçirir;
3.1.15.6. müsabiqədə qalib gəlmiş layihələri müəyyənləşdirir və müvafiq qərar qəbul edir;
3.1.15.7. müsabiqənin qalibi ilə vəsaitin istifadəsi şərtləri haqqında müqavilə bağlayır;
3.1.15.8. müsabiqəni baş tutmamış elan edir;
3.1.15.9. müsabiqənin nəticələri barədə məlumatları açıqlayır;
3.1.16. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində elmin inkişafına maliyyə yardımının göstərilməsi və Fondun saxlanılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü ilə bağlı təkliflərini aidiyyəti üzrə təqdim edir;
3.1.17. layihələrin həyata keçirilməsi ilə bağlı elmi müəssisə və təşkilatlarının, digər qurumların və fiziki şəxslərin hesabatlarını nəzərdən keçirir, qiymətləndirmə aparır və zəruri hallarda müvafiq qərar qəbul edir;
3.1.18. Fondun ümumi fəaliyyəti haqqında, aktual və elmi-praktiki əhəmiyyət kəsb edən mühüm müsabiqələrin nəticələri haqqında məlumat verir;
3.1.19. internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;
3.1.20. Fondun fəaliyyəti barədə illik hesabatı bu Nizamnaməyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə və aidiyyəti qurumlara təqdim edir və ümumi informasiyanı mətbuatda dərc etdirir;
3.1.21. elmi tədqiqatlar sahəsində fəaliyyət göstərən ölkə və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlər görür;
3.1.22. qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.
 
4.Fondun hüquqları
 
4.1. Fondun öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
4.1.1. məqsədlərinə uyğun olaraq layihələrin maliyyələşdirilməsi məsələsini həll etmək;
4.1.2. öz vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatları və sənədləri qanunvericiliyə uyğun olaraq dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən sorğu vermək yolu ilə əldə etmək;
4.1.3. Fondun fəaliyyətini və qrant layihələrinin mühüm elmi nəticələrini təbliğ etmək;
4.1.4. qanunvericiliyə uyğun olaraq müvafiq təşkilat və elmi qurumlarla əməkdaşlıq əlaqələri qurmaq, elmi-informasiya mübadiləsi aparmaq, razılaşdırılmış şərtlər əsasında müştərək ekspertlər qrupu yaratmaq;
4.1.5. qanunvericiliyə uyğun olaraq regional və beynəlxalq təşkilatlara üzv olmaq;
4.1.6. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet resursları yaratmaq;
4.1.7. layihələr üzrə elmi müəssisə və təşkilatlar, digər qurumlar və fiziki şəxslər tərəfindən müqavilə şərtlərinin pozulması və təyinatdan kənar istifadə halları aşkar edildikdə, bu halların aradan qaldırılması ilə bağlı müqavilə tərəfinə və zəruri hallarda, qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət etmək;
4.1.8. layihələr üzrə müqavilə şərtlərini pozan elmi müəssisə və təşkilatlarını, digər qurumları və fiziki şəxsləri iki ilədək müddətə Fondun layihələrində iştirakdan məhrum etmək;
4.1.9. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
5. Fondun vəsaitinin formalaşdırılması və istifadəsi
 
5.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırıla bilər:
5.1.1. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən ayırmalar;
5.1.2. hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr;
5.1.3. məqsədlərinə uyğun müxtəlif tədbirlərin təşkilindən əldə edilən gəlirlər;
5.1.4. xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən qrantlar və digər ayırmalar;
5.1.5. qanunvericilikdə qadağan olunmayan digər mənbələr.
5.2. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır.
5.3. Fondun vəsaiti və sərəncamında olan əmlak bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlərə istifadə edilə bilməz.
5.4. Fond sərəncamında olan vəsaitdən bu Nizamnamədə əks olunmuş məqsədlər üzrə həyata keçirilən layihələrə, Fondun bu Nizamnamə ilə müəyyən edilmiş digər məqsədlərinə və Fondun xərclər smetasına uyğun istifadə edir.
5.5. Maliyyə ilinin sonunda Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
5.6. Layihələr üzrə qrantlar böyük, orta və kiçikhəcmli, həmçinin qısamüddətli və uzunmüddətli olmaqla, layihələrin məzmununa uyğun olaraq, akademik və təhsil sistemindəki elmi təşkilatların və müəssisələrin, digər qurumların, fiziki şəxslərin müvafiq olaraq statusundan, tabeliyindən və təşkilati-hüquqi formasından, həmçinin müsabiqədə iştirak edən alimlərin yaşından, onların tutduqları vəzifələrdən, elmi adlarından və elmi dərəcələrindən asılı olmayaraq, müəyyənləşdirilmiş elmi prioritetlərə uyğun, şəffaf müsabiqə əsasında ayrılır.
5.7. Layihələrin maliyyələşdirilməsi Fondla müsabiqənin qalibi (elmi rəhbəri) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Layihənin xərclər smetası, layihənin yerinə yetirilməsi, elmi nəticələrin dərc etdirilməsi və ictimaiyyətə çatdırılması ilə bağlı xüsusi öhdəlikləri nəzərdə tutan müvafiq sənədlər müqaviləyə əlavə olunur.
5.8. Maddi formada verilən bütün qrantların dəyəri Fond üçün maliyyə ili ərzində dövlət büdcəsindən ayrılmış ümumi məbləğin 35 faizindən artıq ola bilməz.
 
6.Fondun idarə edilməsi və fəaliyyətinin təşkili
 
6.1. Fondun fəaliyyətinə ümumi nəzarət Fondun Himayədarlar Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir.
6.2. Şura beş üzvdən ibarət tərkibdə formalaşdırılır.
6.3. Şuranın sədri və üzvləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təyin edilirlər.
6.4. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.
6.5. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər.
6.6. Şuranın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
6.7. Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Fondun icraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə yolu ilə iclasda iştirak edən Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Şura sədrinin səsi həlledici hesab edilir.
6.8. Şuranın sədr müavini Şuranın iclasında Şuranın üzvləri tərəfindən Şuranın üzvləri sırasından seçilir.
6.9. Şura:
6.9.1. Fondun fəaliyyətinin qanunvericiliyə uyğun olmasına, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;
6.9.2. Fonda əlavə vəsait cəlb edilməsi strategiyasının hazırlanmasında iştirak edir;
6.9.3. layihələrin həyata keçirilməsi məqsədi ilə dövlət dəstəyinin yönəldilməsi daha məqsədəuyğun hesab edilən elmi-tədqiqat sahələri barədə təkliflərini Fondun icraçı direktoruna təqdim edir;
6.9.4. elmi müəssisə və təşkilatlarının və digər hüquqi və fiziki şəxslərin layihələrinin qiymətləndirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarının, elmi-tədqiqat müəssisələrinin nümayəndələrindən və digər mütəxəssislərdən (o cümlədən xarici mütəxəssislər cəlb edilməklə) ibarət daimi və ya müvəqqəti ekspert komissiyalarının yaradılmasına və tərkibinə dair tövsiyələr verir;
6.9.5. Fondun icraçı direktorunun təqdimatına əsasən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərini, onun illik xərclər smetasının layihəsini və balansını müzakirə edir və tövsiyələr verir;
6.9.6. Fondun fəaliyyəti ilə bağlı Fondun icraçı direktorunun illik hesabatlarına baxır və rəy verir;
6.9.7. səlahiyyətləri daxilində digər vəzifələri həyata keçirir.
6.10. Şura üzvləri aşağıdakı hüquqlara malikdirlər:
6.10.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
6.10.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;
6.10.3. Şurada baxılan məsələlərə dair fikir söyləmək;
6.10.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;
6.10.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.
6.11. Şura üzvlərinin vəzifələri aşağıdakılardır:
6.11.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;
6.11.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;
6.11.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;
6.11.4. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləməmək.
6.12. Şuranın sədri:
6.12.1. Şuranın işini təşkil edir;
6.12.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslarını çağırır və iclaslarında sədrlik edir;
6.12.3. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirir.
6.13. Şura sədrinin müavini Şuranın sədri tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir, Şuranın sədri vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini həyata keçirir.
6.14. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir. Belə əsaslar olduqda, Şuranın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.
6.15. Şura üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə bilər:
6.15.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
6.15.2. bu Nizamnamədə Şura üzvü üçün nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
6.15.3. səhhətinə görə vəzifələrini bir ildən artıq müddətdə yerinə yetirə bilmədikdə;
6.15.4. ardıcıl olaraq 4 dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;
6.15.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
6.15.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;
6.15.7. Şura üzvünün adına ləkə gətirən hərəkətlərə yol verdikdə.
6.16. Fondun fəaliyyətinə rəhbərlik Fondun icraçı direktoru (bundan sonra - İcraçı direktor) tərəfindən həyata keçirilir.
6.17. İcraçı direktor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
6.18. İcraçı direktor:
6.18.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;
6.18.2. Fondun strukturunu təsdiq edir;
6.18.3. Fondun illik fəaliyyət planını təsdiq edir;
6.18.4. Fondun maliyyə vəsaiti də daxil olmaqla, qanunvericiliyə, o cümlədən bu Nizamnaməyə uyğun olaraq əmlakını idarə edir, müqavilələr bağlayır, səlahiyyətləri daxilində əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarəti həyata keçirir;
6.18.5. işçiləri əmək müqaviləsi əsasında, qanunvericiliyə uyğun olaraq işə qəbul edir, işdən azad edir, onlar barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;
6.18.6. Fondun daxili intizam qaydalarını, əməkdaşların davranış kodeksini və səlahiyyətləri daxilində Fondun idarə edilməsi məsələləri ilə bağlı sənədləri təsdiq edir;
6.18.7. Fondun xərclər smetasının layihəsini, vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə dair təklifləri hazırlayır və baxılmaq üçün Şuraya təqdim edir;
6.18.8. bu Nizamnaməyə uyğun olaraq müsabiqəyə təqdim olunan layihələrin qiymətləndirilməsini, maliyyə yardımının ayrılmasını, bununla əlaqədar müvafiq əqdlərin bağlanmasını təmin edir;
6.18.9. Fond tərəfindən maliyyələşdirilən layihələrin və digər tədbirlərin icra vəziyyətinə nəzarəti həyata keçirir;
6.18.10. Fondun fəaliyyəti ilə bağlı illik hesabatı hazırlayır, Şuranın müvafiq rəyi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim edir;
6.18.11. Fondun maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir və qanunvericiliyə uyğun olaraq auditin keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir;
6.18.12. Fondun kargüzarlıq işlərini təşkil edir;
6.18.13. Fondun səmərəli fəaliyyətini təmin etmək məqsədilə cari və perspektiv maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirir;
6.18.14. Fondun fəaliyyətinin və idarəetməsinin təkmilləşdirilməsi və informasiya təminatının gücləndirilməsi üçün təkliflər hazırlayır və müvafiq tədbirlər həyata keçirir;
6.18.15. öz səlahiyyətləri daxilində Fondun fəaliyyətinə aid qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
6.18.16. Fondun illik fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırır;
6.18.17. qanunvericiliyə, o cümlədən bu Nizamnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
6.19. Fondun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
6.20. Fondun işçilərinin say həddi və İcraçı direktorun aylıq vəzifə maaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir.
 
7.Fondun yenidən təşkili və ləğvi
 
Fondun yenidən təşkili və ləğvi qanunvericiliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir.
 
  14.09.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).