13:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikada məhkumların hüquqi maarifləndirilməsi diqqət mərkəzindədir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq sentyabr ayının 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, Qarışıq Rejimli Cəzaçəkmə Müəsssəsinin Ümumi rejim-1 bölməsində və Ciddi rejimində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər məhkumların islah olunmasında və hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamış, həmçinin, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi Rejim-1 bölməsində keçirilən növbəti hüquqi maarifləndirmə tədbiri 21 sentyabr "Beynəlxalq Sülh Günü"nə həsr olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi Rejim-1 bölməsində "Beynəlxalq Sülh Günü" barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın "Beynəlxalq Sülh Günü" kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur.
A.Abbasov vurğulamışdır ki, "Beynəlxalq Sülh Günü" dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da geniş şəkildə qeyd olunur. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 28 ildən artıqdır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmişdir.
Daha sonra hüquqi maarifləndirmə tədbiri Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejimində davam etdirilmiş, Ombudsmanın əməkdaşı Asiman Abbasov işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır. 
Qeyd olunmuşdur ki, bu müddəalar İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapmışdır.
Penitensiar Xidmətin İstintaq Təcridxanasında davam etdirilən hüquqi maarifləndirmə tədbirində Asiman Abbasov Cəzaçəkmə müəssələrində və ya İstintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əyaların verilməsi, ötürülməsi, həmçinin məhkumlar tərəfindən həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri barəsində tədbir iştirakçılarına məlumat vermişdir. 
Məruzəçi qeyd etmişdir ki, Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1-ci maddəsində öz əksini tapmışdır.
Vurğulanmışdır ki, Cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
Daha sonra məruzəçi mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
            18.09.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).