Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan milli istiqlaliyyət tariximizdə xüsusi yer tutur. XX əsrin əvvəllərində Naxçıvanın ağır tarixi-siyasi şəraitdə erməni təcavüzü və soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət idarəçiliyi və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdır. 1918-ci ildə tarixi zərurətdən yaranan Araz-Türk Cümhuriyyətinin uğurlu hərbi və diplomatik fəaliyyəti Naxçıvanı erməni təcavüzündən qorumuş və bununla da dövlət müstəqilliyi uğrunda mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alıb, fəaliyyətinin elmi əsaslarla tədqiq edilməsi və öyrənilməsi məqsədilə Naxçıvan MuxtarRespublikası Konstitusiyasının 5-cimaddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə "Araz-Türk Cümhuriyyəti" elmi-tədqiqat qrupu yaratsın. 2. Tədqiqatın nəticələri əsasında elmi nəşr hazırlansın. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 24 sentyabr 2019-cu il 25.09.2019
|