Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq muxtar respublikada qaz təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram: 1. "Naxçıvanqaz" İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 2.1. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 4 noyabr 2019-cu il 05.11.2019
|