10:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Culfa rayon Polis Şöbəsində tədbir keçirilib.
 
Noyabr ayının 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Culfa rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev açaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə hüquqi marifləndirmə tədbirlərinin həyata keçirilməsinin polis əməkdaşlarının hüquqi maarifləndirilməsində, o cümlədən, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində mühüm rol oynadığını qeyd etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət icbari şəxsi sığortası haqqında qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, polis əməkdaşının pensiyasının və sosial təminatının məbləği və təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilir.
Asiman Abbasov bildirmişdir ki, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər.
Ombudsmanın əməkdaşı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə uyğun olaraq pensiya almaq hüququ ilə xaric edilən, 20 təqvim ili və daha çox xidmət müddəti olan daxili işlər orqanları əməkdaşlarının, onların həyat yoldaşlarının və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tibb müəssisələrində pulsuz tibbi yardım təminatı, həmçinin sanatoriyalarda, istirahət evlərində, pansionatlarda və turist bazalarında haqqı ödənilməklə müalicə olunmaq və istirahət etmək hüquqlarının saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
Tədbirdə qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 92-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına sığortalanır. 
Məruzəçi əlavə etmişdir ki, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
       14.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).