19:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçular hərbi intizama ciddi riayət etməyə borcludurlar.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Asiman Abbasov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının zabiti Vüsal Abdullayev və müvafiq hərbi hissələrin çavuş və əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının zabiti Vüsal Abdullayev açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulamış, hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırmışdır. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov çıxış edərək hərbi qulluqçular arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsindən irəli gələn qarşılıqlı münasibətlərin düzgün qurulması, onlar arasında hərbi nəzakət və hərbi etiket qaydalarının düzgün yerinə yetirilməsi barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücümun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir.
Asiman Abbasov diqqətə çatdırmışdır ki, silahlı qüvvələrin daimi döyüş qabiliyyətli və döyüş hazırlıqlı olmasının zəruri şərti hərbi qulluqçular tərəfindən onların vəzifələrini, funksiyalarını və onlara verilən tapşırıqları müəyyən edən normativ aktların tələblərinə dönmədən riayət edilməsi, yüksək hərbi intizamın dəstəklənməsidir. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır.
Qeyd olunmuşdur ki, hərbi qulluqçu öz vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur.
Ombudsmanın əməkdaşı çıxışında bildirmişdir ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Bu maddə qulluq mövqeyinə və hərbi rütbəsinə görə bərabər olan, habelə tabelik münasibətlərində olmayan yuxarı və aşağı rütbəli hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmağa görə cinayət məsuliyyəti müəyyən edir. 
A.Abbasov əlavə etmişdir ki, hərbi qulluqçuların qarşılıqlı münasibətləri, həmin münasibətləri tənzim edən qaydalar hərbi nizamnamələrdə səhih şəkildə müəyyən edilir. Bu qaydanın əsas tələbləri Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət və İntizam Nizamnamələrində təsbit edilir. 
Daha sonra Əlahiddə Ümumqoşun Ordu Komandanlığı ilə birgə həyata keçirilən növbəti tədbirdə "Rəisə qarşı zorakı hərəkətlər etmə" cinayəti barədə tədbir iştirakçılarına məlumat verilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
21.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).