4:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman təsisatlarının inkişafında Naxçıvan təcrübəsi.
 
Demokratik hüquqi cəmiyyətlərin daha da inkişaf etdirilməsində, insan hüquq və azadlıqlarının daha təkmil müdafiə mexanizmləri ilə təmin edilməsində hər bir ölkə dünyada mövcud olan müsbət və qabaqcıl təcrübələrdən istifadə edilməsində maraqlıdır. Naxçıvan Muxtar Respublikasının nüfuzlu beynəlxalq tədbirlərdə davamlı təmsil olunması və muxtar respublikaya göstərilən xüsusi diqqət ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının davamlı icrası istiqamətində muxtar respublika rəhbəri tərəfindən reallaşdırılan ardıcıl və yorulmaz fəaliyyətin, məqsədyönlü və qətiyyətli mövqeyin, fədakar işin məntiqi nəticəsidir.
Böyük qürur və fəxr hiss ilə qeyd edilməlidir ki, bu gərgin əməyin nəticəsində formalaşmış, özünəməxsus əlamətləri ilə seçilən muxtar dövlət quruculuğu prinsipləri və idarəetmə modeli bu gün artıq beynəlxalq təcrübdə nümunəvi model kimi qəbul edilir və qiymətləndirilir.
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi müəyyənləşdirən ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı çox mühüm işlər görülmüş, insan hüquqlarının müdafiə işi davamlı təkmilləşdirilərək yeni səmərəli hüquq müdafiə mexanizmləri, o cümlədən Ombudsman institutu yaradılmışdır.
Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin təmini ilə bağlı həyata keçirilən islahatlar Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmiş, muxtar respublikada hüquq institutları təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyi artırılmış, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Muxtar respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsinin daha da səmərəli təşkili məqsədilə 2006-cı ildə Ombudsman təsisatı yaradılmış, konstitusion səviyyədə Ombudsman təsisatının yaradılması bir sıra beynəlxalq təşkilatlar, xüsusilə Avropa məkanının xüsusi qurumu olan Avropa Şurası tərəfindən rəğbətlə qarşılanmış və digər dövlətlərdə də insan hüquqlarının müdafiəsi üzrə Müvəkkil təsisatının regionlarda təsis edilməsinin sürətlənməsi tövsiyə olunmuşdur.
Bu gün muxtar respublikada insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə ötən müddət ərzində muxtar respublikamızda insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Ombudsman təsisatının inzibati binasının açılış mərasimində insan hüquqlarının qorunmasını və bu sahədə görülən tədbirlərin daha da genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan Ali Məclisin Sədri demişdir: Bu gün muxtar respublikamızda həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, bizim üçün yeni bir təsisat olan Ombudsman institutunun da fəaliyyəti uğurlu olacaqdır, ona görə ki, Azərbaycan ümummilli liderimizin yolu ilə, demokratik yolla gedərək bu gün dünya dövlətləri çərçivəsində layiqli yerini tutub. Biz də Azərbaycanın tərkibində muxtar dövlət kimi ərazimizdə insan hüquqlarının qorunması sahəsində əlimizdən gələni etməliyik və eyni zamanda, bu institutun fəaliyyəti üçün də hər bir köməkliyi göstərməliyik.
Muxtar respublikamızın insan hüquqlarının müdafiəsi sistemində yeni bir mexanizm olan Ombudsman təsisatı mövcud qanunvericiliyə və praktikaya uyğun olaraq əsas insan hüquq və azadlıqlarının müdafiəsini və bərpasını təmin edən digər dövlət orqanlarının fəaliyyətini məhdudlaşdırmır və əvəz etmir. O, yalnız bu sahədə bu qurumların fəaliyyətinin təkmilləşdirilməsinə, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyi ilə bağlı çatışmamazlıq və bu problemlərin aradan qaldırılmasına xidmət etməklə yanaşı, dövlət qurumları tərəfindən əsas insan hüquq və azadlıqlarının realizə edilməsində mühüm təsir vasitəsidir. 
Müasir dövrümüzdə Ombudsman təsisatı vətəndaşlarla dövlət və yerli özünüidarəetmə orqanları arasında bir körpü yaratmaqla, bu qurumların insan hüquqlarının müdafiəsi işinin daha səmərəli təşkili və həyata keçirilməsi, o cümlədən, bu sahədə fəaliyyətinin davamlı təkmilləşdirilməsinə xidmət edir. 
Bu gün müxtəlif hüquq sistemləri olan 130-a yaxın dövlətdə uğurla fəaliyyət göstərən Ombudsman institutu hüquq mədəniyyətinin yeni forması olmasına baxmayaraq insan hüquqlarının müdafiəsi sahəsində geniş potensial imkanlara malikdir.
Ombudsmanların fəaliyyətinin mühüm sahəsindən biri beynəlxalq təcrübə mübadiləsi və bu sahədə əlaqələrin inkişaf etdirilməsidir. Artıq beynəlxalq hüquq qaydalarına çevrilən insan hüquq və azadlıqlarına dair meyarlar dünya Ombudsmanlarının fəaliyyətində tətbiq edildiyinə görə bu təsisat mövcud sahədə müasir təsəvvürləri, düşüncələri və qabaqcıl təcrübəni bir ölkədən digər ölkəyə daşıyan və bu mənada dövlətlər, xalqlar arasında beynəlxalq əlaqələri daim inkişaf etdirən bir orqana çevrilmişdir.
18-19 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində "Layiqli idarəetmə prinsipləri və Ombudsman" mövzusunda II İstanbul Beynəlxalq Ombudsmanlar Konfransı keçirilmişdir.  Afrika, Yaxın Şərq və Avropanın 60 ölkəsindən, bir sıra beynəlxalq təşkilatlardan 200-ə yaxın Ombudsman və insan hüquqları müdafiəçilərinin iştirak etdiyi bu beynəlxalq konfransa Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova da dəvət almışdır. Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Baş Ombudsmanı, Türkiyə Ali Məhkəməsinin sədri, Türkiyə Böyük Millət Məclisinin sədri, Türkiyənin hökümət və dövlət nümayəndələri iştirak etmişdir.
Açılış mərasimi Dolmabağça sarayında keçirilən beynəlxalq konfransda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış etmişdir. Müxtəlif ölkələrdən gələn Ombudsmanları salamlayan Prezident dünyada sülhün, ədalətin bərqərar olmasında, həmçinin insan hüquqlarının müdafiəsində və layiqli idarəetmənin təbliğində Ombudsman institutlarının əhəmiyyətini vurğulamış, dövlət orqanlarının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətlərinin artırılmasının, şaxələndirilməsinin və gücləndirilməsinin vacibliyini qeyd etmiş və konfransın bütün bəşəriyyət üçün faydalı olmasını arzulamışdır.
Daha sonra 2 gün davam edən Konfransın 4 plenar iclası keçirilmişdir. Plenar iclaslarda layiqli idarəetmə prinsiplərinin müəyyən edilməsi, layiqli idarəetmənin tətbiqində Ombudsmanın rolu, idarəetmədə bərabərlik və ədalət prinsipinin tətbiqinin əhəmiyyəti, şəffaflıq, hesabatlılıq, məlumat hüququ və şəxsi məlumatların qorunması və Ombudsmanların bu prinsiplərə münasibətdə gələcək rolu və məsuliyyətlərinin bölüşdürülməsi məsələləri üzrə müxtəlif dövlətlərin Ombudsmanlarının və hüquq müdafiəçilərinin məruzələri dinlənilmiş və mövzular ətrafında geniş müzakirələr aparılmışdır.
Konfransda insan hüquqlarının müasir problemləri, insan hüquqlarının qorunmasının qanunvericiliyə uyğunluğu, ayrıseçkiliyin qarşısının alınması, mütənasiblik, bərabərlik, qərəzsizlik, dürüstlük, nəzakət, şəffaflıq, əldə edilən hüquqlara və məlumatlara hörmət hüququ, müdafiə hüququ, fərdi məlumatların qorunması və sair məsələlər də geniş müzakirə obyektinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova bu səfər çərçivəsində İslam Ölkələri Əməkdaşlıq Təşkilatı nəzdində yaradılan və 33 ölkənin üzv olduğu İslam Ölkələri Ombudsmanlar Assosasiyasının Baş Məclisinin İdarə Heyətinin iclasında, həmçinin 22 ölkədən 38 üzvü olan Asiya Ombudsmanlar Assosasiyasının İdarə Heyətinin iclasında iştirak edərək Naxçıvan Ombudsman institutunun fəaliyyəti, o cümlədən insan hüquqlarının səmərəli müdafiəsi sahəsində Naxçıvan Muxtar Respublikasında qazanılan müsbət təcrübələr haqqında danışmış, muxtar respublikanın ölkəmizin siyasi sistemindəki rolu, muxtariyyətinin spesfik əlamətləri, insan hüquq və azadlıqları ilə bağlı görülən işlər barəsində tədbir iştirakçıları məlumatlandırılmış və bu sahədə təcrübə mübadiləsi aparılmışdır. 
 
 

Bununla yanaşı Müvəkkil Ülkər Bayramova türkdilli ölkələrin ombudsmanlarının iştirakı ilə keçirilən iclasda Türkdilli Ölkələrin Ombudsman Assosasiyasının yaradılması ilə bağlı təkliflərin dəyərləndirilməsi istiqamətindəki müzakirələrdə iştirak edərək bir sıra təkliflər vermişdir.
Muxtar respublikada bu sahədə olan inkişaf, qanunçuluğun təbliği və yüksək səviyyədə qurulması, insan hüquq və azadlıqlarının qorunması və bu sahənin mütəmadi olaraq təkmilləşdirilməsi istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlər, həmçinin ombudsman təsisatlarının inkişafında Naxçıvan təcrübəsi yüksək qiymətləndirilmişdir.
Qeyd etmək lazımdır ki, ötən dövr ərzində təsisatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. 2011-ci il dekabr ayının 29-da "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa edilən dəyişikliklərə əsasən ölkəmizin qoşulduğu "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını, o cümlədən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Ombudsmanın səlahiyyətlərinə aid edilmişdir. Ümumilikdə isə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna edilmiş 7 dəyişiklik və həyata keçirilən tədbirlər Müvəkkil təsisatının fəaliyyətinin, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinin daha səmərəli təşkilinə və davamlı inkişaf etdirilməsinə xidmət etmişdir.
Müvəkkil fəaliyyətini əsasən daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan müvafiq maarifləndirici tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirmişdir.
Hüquqi maarifləndirmənin hüquq mədəniyyətinin və hüquq düşüncəsinin inkişafında xüsusi rolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən muxtar respublikanın 5 dövlət qurumu - Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, həmçinin "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı ilə təsdiq edilmiş birgə tədbirlər planlarına uyğun olaraq müxtəlif sosial qruplara ünvanlanan müvafiq maarifləndirici tədbirlər mütəmadi olaraq həyata keçirilir. 
İnformasiya və kommunikasiyanın inkişaf tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi Müvəkkilin fəaliyyətində xüsusi yer tutur. Belə ki, Müvəkkilin rəsmi internet səhifəsində Müvəkkil təsisatının insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği işi də ardıcıl davam etdirilir, təbliğat işi aparılır.
Həmçinin, qeyd edilməlidir ki, Ombudsman təsisatı tərəfindən hər ay muxtar respublikanın 8 rayon-şəhər qəzetində, o cümlədən "Şərq qapısı" qəzetində müxtəlif hüquqi maarifləndirici yazılar dərc edilir. Ombudsmanın müəllifi olduğu "İnsan Hüquqları" verilişi 2018-ci ildən etibarən "Naxçıvanın səsi" Radiosunun və Naxçıvan Dövlət Radiosunun efir dalğalarında səsləndirilir. Müxtəlif mövzularda və aidiyyatı dövlət qurumlarının iştirakı ilə hazırlanan və efirə gedən radio verilişi insan hüquqlarının təbliği və maarifləndirilmə işinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətində beynəlxalq qurumların ofisləri və Ombudsman təsisatları ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi və beynəlxalq təcrübə mübadiləsinə önəm vermiş və bir sıra görüşlər keçirmişdir.
Bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda aparılan uğurlu hüquq siyasəti nəticəsində insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir, müvafiq qanunvericilik aktları qəbul olunur və ya müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir.
Təbii ki, görülən işlər və aparılan islahatlar, idarəetmənin təkmilləşdirilməsi insanların öz hüquqlarını həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də Azərbaycana, xüsusən də onun ayrılmaz hissəsi olan Naxçıvana beynəlxalq aləmin marağı daha da artır və ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.
 
27.11.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).