9:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Psixi pozuntusu olan şəxslərin hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir.
 
Dekabrın 3-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində "Qeyri-könüllü psixiatriya yardımı və bu sahədə qanunvericiliyin tələbləri" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. 
 
 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsi ilə bağlı hər il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə müvafiq tədbirlər planı hazırlandığını və bu plana uyğun olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı İsa Əliyev geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sağlamlığın qorunması hüququ barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
İ.Əliyev tibbi yardımın əsas növlərindən biri olan psixiatriya yardımı barədə tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətlər "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə tənzimlənir. Diqqətə çatdırılmışdır ki, bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımının göstərilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Müvəkkil aparatının əməkdaşı psixiatriya yardımının könüllülüyü barədə danışaraq vurğulamışdır ki, "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin özü müraciət etdikdə, ona psixiatriya yardımı göstərilir.
Daha sonra məruzəçi psixiatriya yardımının qeyri-könüllü barədə məlumat verərək bildirilmişdir ki, "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) olan şəxsin onun iradəsindən asılı olmayaraq bu Qanunla və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsidir.
Vurğulanmışdır ki, psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımına ehtiyacı olan şəxs müayinə və müalicə olunmaq məqsədi ilə psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi, yəni psixiatriya müəssisəsində (psixonevroloji müəssisədə) yerləşdirilirlər.
Məruzəçi əlavə etmişdir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda Müvəkkilin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq hüququ təsbit olunmuşdur.
Sonra məruzəçi, "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
  03.12.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).