12:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda Ümumdünya İnsan Hüquqları günü münasibətilə bilik yarışı keçirilib.
 
1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Bu münasibətlə dekabrın 10-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib. 
 
 
Tədbiri Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq bildirmişdir ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunumuşdur ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan haqlarının qorunması təsbit edilmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmiş, milli qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
Qeyd edilmişdir ki, ötən dövr ərzində bu sahədə həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyi artırılmış, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi, həmçinin əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, bilik yarışmasının keçirilməsində əsas məqsəd gənclər arasında Azərbaycan Respublikası Konstitusiyasının, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, Naxçıvanın muxtariyyətinin tarixi və hüquqi aspektlərinin hərtərəfli öyrənilməsinin təşviq edilməsi, muxtar respublikada gənclərin hüquq sahəsinə olan maraqlarının artırılması, həmçinin gənclərin vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, istedadlı gənclərin aşkar edilməsi və muxtar respublikada olan istedad potensialının inkişafının stimullaşdırılmasından ibarətdir. Ombudsman Ülkər Bayramova belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayacağını vurğulayaraq gənclərə bilik yarışmasında uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkəmizdə olduğu kimi muxtar respublikamızda da uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafıq dövlət proqramların uğurla həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir. 
Qeyd edilmişdir ki, belə tədbirlər gənclərin hüquqi biliklərinin artırılması ilə yanaşı, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına öz töhvəsini verir. 
İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışmasına start verilmişdir. 
İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektlərinə dair suallar üzrə biliklərini sınayıblar.
"Naxçıvan" Universitetinin "Nəqşicahan" komandası birinci, Naxçıvan Dövlət Universitetinin "İldırım" ikinci, Naxçıvan Müəllimlər İnstitutunun "Buta" komandası isə üçüncü yerə layiq görülüblər. 
Orta ixtisas təhsili müəssisələri tələbələri arasında isə Naxçıvan Tibb Kollecinin "İbn Sina" komandası birinci, Naxçıvan Musiqi Kollecinin "Virtuoz" komandası ikinci, Naxçıvan Dövlət Texniki Kollecinin "Zirvə" komandası üçüncü yeri tutublar.
Sonda qalib gəlmiş və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəxri fərmanları və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun diplomları ilə təltif olunublar.
 
 
          10.12.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).