2:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissələrində növbəti tədbirlər keçirilib.
 
Dekabr ayının 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev, Nuca Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının zabiti Elşən Quliyev və müvafiq hərbi hissələrin çavuş və əsgər heyəti iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Elşən Quliyev açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır. 
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev Ümumdünya İnsan Hüquqları Bəyannaməsi haqqında tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamə bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərdə tutur. Bu bəyannamə insan hüquq və azadlıqlarını özündə əks etdirən digər beynəlxalq hüquqi sənədlərin qəbul edilməsi üçün baza rolu oynamışdır.
Qeyd olunmuşdur ki, Bəyannamədə təsbit edilmiş hüquqlar ümumbəşəri dəyərlərdir. Onlar hər kəsə, məhz insan olduğuna görə, mənsubdur. Kişi və ya qadın, uşaq və ya böyük, vətəndaş və ya əcnəbi, varlı və ya kasıb, güclü və ya zəif bütün bunların heç bir əhəmiyyəti yoxdur: hər kəs insan olduğuna görə bərabər hüquqlara malikdir və ləyaqətinə hörmət edilməyə haqqı vardır. Bu hüquq və azadlıqlar insan hüquqları sahəsində təsbit olunmuş müxtəlif prinsiplər əsasında həyata keçirilir və qorunur.
A.Orucəliyev bildirmişdir ki, insan hüquqları sahəsində əsas prinsiplərdən biri də insan hüquqlarına hörmət prinsipidir. Bu prinsip beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərindəndir. Bu prinsip insan hüquqları, əsas azadlıqları, demokratiya və qanunun aliliyini özündə ifadə etməklə beynəlxalq xarakterə malikdir. Ümumiyyətlə, beynəlxalq hüquqda insan hüquqlarına hörmət edilməsi prinsipinə əsasən bütün dövlətlər öz ərazisində yerləşən bütün şəxslərin əsas hüquq və azadlıqlarına hörmət etmək öhdəliyi daşıyırlar, dövlətlər cins, irq, dil, dini və s. əlamətlərə görə ayrı-seçkiliyə yol verməmək vəzifəsini öz üzərlərinə götürürlər.
Daha sonra Əlahiddə Ümumqoşun Ordu Komandanlığının "N" saylı hərbi hissəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. 
 
 
 
Tədbirdə Ombudsmanın əməkdaşı Abil Orucəliyev "Sülh mədəniyyəti və insan hüquqları" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, bəşəriyyət daim əbədi sülh axtarışında olmuş, sülh, dinclik, əmin-amanlıq uğrunda mübarizə aparmışdır. Beləliklə, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesində sülh mədəniyyəti formalaşmışdır.
Məruzəçi vurğulamışdır ki, 1998-ci ilin sonunda YUNESKO-nun təşəbbüsü ilə 2000-ci il rəsmən "Sülh mədəniyyəti ili" elan edilmiş, bununla əlaqədar olaraq, Nobel mükafatları laureatlarının təşəbbüsü ilə 2000-ci il sülh manifesti hazırlanmış və Azərbaycan Respublikası Sülh Manifestini imzalayan ilk dövlətlərdən biri olmuşdur.
Qeyd olunmuşdur ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirlimişdir. Xalqımız müharibə dəhşətlərini öz taleyində yaşamış, əzəli torpaqlarından qovulmuş yüz minlərlə soydaşımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınmış, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə müşahidə olunmuşdur. 
A.Orucəliyev diqqətə çatdırmışdır ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkməzidə ictimai-siyasi sabitlik bərqərar edilmiş, müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını alınmış, regionda sabitliyin yaranmasına nail olunmuşdur. Ümummilli liderin Azərbaycana qayıdışı dövlətimizin sülh arzusunun ifadəsi, həqiqi sülhün bərqərar olması və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı olmuşdur. Ölkəmizdə atəşkəs əldə olunduqdan sonra Ulu öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. 
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
          18.12.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).