15:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman Ülkər Bayramova 2019-cu ildəki fəaliyyəti haqqında məruzəni təqdim edib.
 
21 dekabr 2019-cu il tarixdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasınsa məruzəsini təqdim edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi haqqında qərar qəbul edib. 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) məruzəsi haqqında Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Qərarı

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: 
1. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi nəzərə alınsın. 
2. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələlər gündəlik nəzarətdə saxlansın.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV 
 
Naxçıvan şəhəri, 21 dekabr 2019-cu il
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu ildəki fəaliyyəti haqqında illik

 M Ə R U Z Ə
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirləri 2019-cu ildə də davam etdirmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil təsisatının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi, iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə cari ildə təsisatın inzibati binasında təmir işləri aparılmışdır. Həyata keçirilən tədbirlər təsisatın fəaliyyətinin, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi işinin daha səmərəli təşkilinə xidmət etmişdir. 
2019-cu ildə Müvəkkil fəaliyyətini, əsasən, daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirmişdir.
2019-cu ildə Müvəkkilin ünvanına 87 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 34-nü şikayətlər, 53-nü isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, şikayətlə bağlı məhkəmə icraatının getməsi səbəbindən 6 şikayətə baxılmasından imtina edilmişdir. 28 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 5-i təmin edilmişdir. 23 şikayətə baxılması zamanı isə hüquq pozuntusu aşkar edilməmişdir.
Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir.
2019-cu ildə də Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb edən hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir. 
Hər il olduğu kimi insan hüquqları sahəsində əlamətdar günlər "18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü", "21 sentyabr - Beynəlxalq Sülh Günü", "10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü" bir sıra tədbirlərlə qeyd edilmişdir. 
Ümumilikdə, 2019-cu il ərzində Müvəkkil təsisatı tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə 81 tədbir keçirilmiş, o cümlədən hüquqi maarifləndirici vəsaitlər təqdim edilmişdir.
2019-cu ildə hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə daim diqqət mərkəzində olmuş və fəaliyyətin əlaqələndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası ilə birgə hazırlanmış tədbirlər planına əsasən muxtar respublika ərazisindəki birləşmə və hərbi hissələrdə insan hüquqlarına dair tədbirlər keçirilmişdir. 
Cari ildə məhkumların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi davam etdirilmiş, Ədliyyə Nazirliyi ilə hazırlanmış birgə tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində insan hüquqlarının müxtəlif istiqamətləri üzrə maarifləndirici tədbirlər keçirilmiş, hüquqi vəsaitlər təqdim edilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 3 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 1 məhkum xəstəliyə görə cəzanı çəkməkdən azad edilmiş, 3 məhkumun isə cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmişdir. Ümumilikdə, 2019-cu il ərzində cəzaçəkmə müəssisələrində cəza çəkən 7 məhkum barəsində belə humanist tədbirlər tətbiq edilmişdir. 
2019-cu ildə Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 107 başçəkmə həyata keçirmiş, preventiv mexanizmin fəaliyyəti və insan hüquqlarının digər sahələri üzrə keçirilən maarifləndirmə tədbirlərində 1350 nəfər iştirak etmişdir.
Başçəkmələr zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, onlarla ümumi və fərdi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir. 
Qeyd edilməlidir ki, preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılan şəxslərin sosial, tibbi, habelə qanunla müəyyən edilmiş digər hüquqlarının təmin edilməsi, həmçinin onların asudə vaxtının təşkil edilməsi üçün müasir standartlara uyğun müvafiq şərait yaradılmışdır. 
2019-cu il ərzində Müvəkkil aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə keçirilən görüşlərdə, həmçinin Müvəkkilin iştirak etdiyi beynəlxalq konfranslarda muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlər, təsisatın fəaliyyəti barədə geniş məlumat verilmiş, təcrübə mübadiləsi və bu sahədə maraqdoğuran digər məsələlər müzakirə edilmişdir. 
Cari ildə informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilmişdir.
Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılmış, Müvəkkil və təsisatın insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği işi ardıcıl davam etdirilmiş, informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının davamlı zənginləşdirilməsi, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Bu il Müvəkkil təsisatı ilə muxtar respublikanın kütləvi informasiya vasitələri arasında mövcud əlaqələr davamlı təkmilləşdirilərək daha da gücləndirilmiş, təsisatın fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 145, Müvəkkilin rəsmi internet səhifəsində 156, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 192, ümumilikdə isə 493 informasiya kütləvi informasiya vasitələri və təsisatın rəsmi internet səhifəsində yerləşdirilmişdir. 
Muxtar respublikanın sosial-iqtisadi inkişafı, bütün sahələrdə müasir çağırışlara əsaslanan yeni üsul və sistemlərin tətbiqi, habelə dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinin davamlı inkişafına geniş imkanlar yaratmışdır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil təsisatı bundan sonra da insan hüquqlarının müdafiəsi işinin davamlı inkişaf etdirilməsi və təkmilləşdirilməsi, həmçinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini daha da artıracaqdır.
 
24.12.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).