Naxçıvanda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı. Prezident İlham Əliyev yanvarın 16-da Naxçıvan şəhərində "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan şəhərində "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin". İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 yanvar 2020-ci il 17.01.2020
|