20:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Polis əməkdaşlarının hüquqi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdirilir.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2020-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq fevralın 3-də Kəngəli rayon Polis Şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov, Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Kəngəli rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
 
 
Tədbiri Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev giriş sözü ilə açaraq qeyd etmişdir ki, Ombudsman təsisatı ilə birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis, idarə, şöbə və bölmələrində bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
Sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov vətəndaşların seçki hüququnun həyata keçirilməsində polis əməkdaşlarının rolu barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında seçkiqabağı və seçki dövründə insan hüquq və azadlıqlarının qorunması, seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi sahəsində Daxili İşlər Orqanlarının rolu xususi əhəmiyyətə malikdir. 
A.Abbasov vurğulamışdır ki Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Ombudsmanın əməkdaşı çıxışında qeyd etmişdir ki, seçki prossesində polis əməkdaşları rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edir, habelə asayişin qorunması sahəsində fəaliyyət göstərirlər.
Məruzəçi əlavə etmişdir ki, seçki kampaniyası dövründə Daxili İşlər Nazirliyinin digər əsas vəzifəsini vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, seçki gününədək 18 yaşı tamam olacaq şəxslərin müəyyən edilməsi və onlara ilk növbədə şəxsiyyət vəsiqələrinin verilməsinin təmin olunması təşkil edir.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
         03.02.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).