6:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Cəzaçəkmə müəssisələrində həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri cari ildə də davam etdirilir.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2020-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq fevral ayının 7-də Penitensiar Xidmətin İstintaq Təcridxanası və Mühafizə taborunda, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində və Ciddi rejimində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları Rəşad Fərzəliyev, Əli Rəhimov, müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov açaraq Ombudsman təsisatı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin məhkumların islah olunmasında, o cümlədən onların və müəssisə əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırmışdır. 
Daha sonra Ombudsmanın əməkdaşı Asiman Abbasov Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində məhkum olunmuş şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş əsas vəzifələri barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikası məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və qoruyur, məhkumların islah edilmə vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir.
Cəzaların icrası zamanı məhkumlara dair Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar və istisnalarla onların Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir. Məhkumlar qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, hüquq və azadlıqlardan irəli gələn vəzifələr daşıyırlar.
A.Abbasov vurğulamışdır ki, əcnəbi və ya vətəndaşlığı olmayan məhkum şəxslər Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar istisna edilməklə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar.
Sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejimində də hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir. Tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasov məhkumların islah edilməsi və onun əsas vasitələri barədə danışmışdır.
Asiman Abbasov qeyd etmişdir ki, Cəzaların İcrası Məcəlləsinin əsas məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Cəzaların icrası zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün məhkumlara islah edilmə vasitələri tətbiq edilir. 
Məruzəçi əlavə etmişdir ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəllənin 8-ci maddəsində məhkumların islah edilməsi və onun əsas vasitələri öz əksini tapmışdır. Məhkumların islah edilməsi dedikdə, onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, əməyə, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər. Onlar Cəzaların İcrası Məcəlləsinin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməli, cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməli, cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalıdırlar.
Daha sonra Penitensiar Xidmətin İstintaq Təcridxanası və Mühafizə taborunda davam etdirilən hüquqi maarifləndirmə tədbirində Ombudsmanın əməkdaşı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi barədə danışaraq qeyd etmişdir ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanimzləri sırasında dünyada bugün ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Dünyada klassik Ombudsman modeli kimi tanınan bu qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır. 
Asiman Abbasov bildirmişdir ki, insan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən etibarən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalamışdır. 
Məruzəçi qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir. 
Ombudsmanın əməkdaşı əlavə etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 29 dekabr 2011-ci il dördüncü çağırış, dördüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxtar Respublikası Qanunu"na edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikası ərazisində yerinə yetirən təsisat qismində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilmişdir. 
Vurğulanmışdır ki, Qanununa edilən əlavə və dəyişikliklərlə Müvəkkilin səlahiyyət dairəsi genişləndirilmiş, Müvəkkilin preventiv mexanizm qismində fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Preventiv qrupun yaradılması, onun üzvlərinə dair tələblər və digər məsələlər təsbit edilmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
         07.02.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).